25 АПРЕЛЯ 2019
Sabunçu rayon Gənclər və İdman İdarəsində maarifləndirici tədbir keçirildi
25 aprel 2019-cu il tarixdə Sabunçu rayon Gənclər və İdman İdarəsində məktəblilər və gənclər üçün “Şəxsiyyətin məhvinə aparan yollar” adı altında narkomaniyaya qarşı maarifləndirici tədbir keçirildi. Tədbirin təşkilində əsas məqsəd gəncləri sağlam həyat tərzi keçirməyə çağırmaq, tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərin fəsadları barədə onları məlumatlandırmaqdır.
Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Şaiq Əliyev, Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov çıxış edərək, gənclərin sağlam inkişafında maairfləndirici tədbirlərin böyük rol oynadığını bildirdilər. Vurğulandı ki, narkotik maddələr insanın fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərməklə bərabər, onun cinayət törətməsinə də səbəb olur. Odur ki, gənclərə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmaq tövsiyə olundu. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə narkotik vasitələrin insan sağlamlığına vurduğu mənfi təsirlərdən danışdı. Zərərli vərdişlərə aludəliyin təhlükəli fəsadlarından söz açan ekspert bildirdi ki, narkomaniya yaddaş və dərk etmə qabiliyyətini pozur, həyata qarşı laqeydlik yaradır, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına, daxili orqanların zəhərlənməsinə və müxtəlif ölümcül xəstəliklərə tutulmağa səbəb olur. Bütün zərərli vərdişlərin orqanizm üçün ciddi təhlükə törətdiyini vurğulayan Şəhla Mirzəzadə iştirakçıları öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, sağlam həyat tərzi keçirməyə çağırdı.
Tədbirin sonunda Sabunçu rayon tam orta məktəb şagirdləri arasında “Şəxsiyyətin məhvinə aparan yollar” adlı altında keçirilən rəsm müsabiqəsinin qaliblərinə diplomlar və hədiyyələr təqdim olundu.