27 ДЕКАБРЯ 2018
Tələbələrə reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı geniş məlumat verildi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) sağlam həyat tərzinin təşviqi, əhalinin tibbi maarifləndirilməsi istiqmətində tədbirləri davam etdirir.
25-26 dekabr 2018-ci il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Universitetində və Xəzər Universitetində “Gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırmasına dair biliklərinin artırılması” mövzusunda növbəti tədbirlər keçirdi. Universitet rəsmiləri çıxış edərək, tibbi biliklərin artırılması, sağlamlığın qorunması, xəstəliklərin profilaktikası üzrə keçirilən maarifləndirici görüşlərin əhəmiyyətini vurğuladılar. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova tələbə qızlara reproduktiv sağlamlıq, ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar, arzuolunmaz hamiləliklərdən qorunma üsulları, müasir kontraseptivlərdən bəhs etdi. O həmçinin, zərərli vərdişlərin (spirtli içki, tütün və narkotik maddələrdən istifadə) gənc qadınların reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq, gələcəyin analarını sağlam həyat tərzi sürməyə çağırdı və onlara müvafiq tövsiyələrini verdi.
Yekunda auditoriyanı maraqlandıran suallar cavablandırıldı və gənclərə İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar təqdim olundu.