10 ОКТЯБРЯ 2018
“Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) şəbəkəsi ÜST üzrə Avropa regionunun artıq 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilmişdir. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsi çərçivəsində növbəti silsilə tədbirlərini davam etdirir.
9 oktyabr 2018-ci il tarixdə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə və həkim-metodist Lətafət Dadaşova Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə “Zərərli vərdişlərin fəsadları: kobud (aqressiv) davranışın əsas səbəbləri” mövzusunda şagird və müəllim auditoriyası qarşısında çıxış etdilər. L. Dadaşova zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər, gələcəkdə yarana biləcək ağır fəsadlar barədə iştirakçıları məlumatlandırdı. O bildirdi ki, tütünçəkmə, eləcə də digər zərərli vərdişlər bir sıra nəfəs yolları, ürək-damar və digər xəstəliklər törətməklə yanaşı, həm də insan psixologiyasına olduqca mənfi təsir göstərir. Natiq həmçinin, aktiv həyat tərzinin gənclərdə məsuliyyət duyğusunu artırırdığını, hisləri idarə edə bilmə qabiliyyətini gücləndirdiyini və çevikliyi təmin etdiyini vurğuladı.
Ş.Mirzəzadə məktəblərdə sağlam həyat tərzinin təşviqi, uşaqlarda sağlam davranışlarının necə inkişaf etdirilməsi, məktəbdəki rifahın onların gələcək həyatlarına təsiri kimi məsələləri müəllim və şagird heyətinin diqqətə çatdırdı. Gənclərin yeniyetmə dövründə zərərli vərdişlərə düçar olmasına səbəb olan ən vacib psixoloji amillərdən söz açan natiq bildirdi ki, zərərli vərdişlərə qarşı mübarizə və profilaktika tədbirləri ailə və məktəbdən başlamalı, yeniyetmələrin davranış dəyişkənliyinə mütləq diqqət yetirilməlidir.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırıldı və onlara İSİM tərəfindən hazırlanmış maarifləndirici bukletlər təqdim olundu.