15 МАЯ 2018
İSİM-in nümayəndələri Türkiyədə "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər
12 may 2018-ci il tarixdə Türkiyənin Muş şəhərində "Ağ ciyər və süd vəzi xərçəngləri" mövzusuna həsr olunmuş tədbir keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və Avropa Könüllülük Xidməti çərçivəsində tədbirin icra müddətində Muşda çalışan İSİM-in həkim-metodisti Şəhla Mirzəzadə də tədbirdə iştirak ediblər.
Tədbirin təşkilatçısı Gənc Birikim Dərnəyinin rəhbəri Salih Yüce açılış nitqi ilə çıxış edərək, onkoloji xəstəliklərin getdikcə artdığını və bu xəstəliyin bütün dünyada problemə çevrilərək hər il milyonlarla insanın həyatına son verdiyini bildirib. Sonra tədbirdə iştirak edən müxtəlif ölkələrin mütəxəssislərinin çıxışları dinlənilib, ağ ciyər xərçəngi və süd vəzi xərçənginin müalicə və profilaktikası ilə bağlı məlumat verilib. Tədbir zamanı Şəhla Mirzəzadə "Səhiyyədə könüllülük" mövzusunda çıxış edərək, səhiyyə və sağlamlıq sahəsində könüllülüyün əhəmiyyətindən söz açıb. Yerli media nümayəndələrinin iştirak etdiyi tədbirin sonunda Səbinə Babazadə kütləvi informasiya vasitələrinə müsahibə verərək, xərçəngin bütün dünya üçün ciddi problemə çevrildiyini və tədbir çərçivəsində aparılan fikir mübadiləsinin bu xəstəliyə qarşı mübarizədə əhəmiyyətli rol oynadığını vurğulayıb. Eyni zamanda Ş.Mirzəzadə də verdiyi müsahibədə layihənin icra prosesi və gənclərin sağlamlıq sahəsindəki könüllülüyə təşviqi məsələsinin əhəmiyyətli rolundan söz açıb.