25 MARCH 2017
İSİM-in nümayəndələri QİX-in profilaktikasına dair Finlandiyada keçirilən seminara qatıldılar
20-25 mart 2017-ci il tarixlərində Finlandiyanın Helsiki şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Finlandiyanın Milli Sağlamlıq və Rifah İnstitutunun təşkilatçılığı ilə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda 5 günlük nəzəri və praktik seminar keçirildi. Seminar MDB, Mərkəzi Asiya ölkələri və Türkiyə Respublikasının ictimai səhiyyə mütəxəssisləri, səhiyyə nazirliklərinin müvafiq mütəxəssisləri üçün nəzərdə tutulmuşdu. Azərbaycanı bu seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdirləri Lütfi Qafarov və Nabil Seyidov təmsil etdilər.
Seminar zamanı iştirakçılara qeyri-infeksion xəstəliklərin (QİX) profilaktikası sahəsində Avropa ölkələrində və qlobal səviyyədə görülən işlər barədə məlumatlar verildi, Finlandiya və digər ölkələrdən olan mütəxəssislər onlarla ürək-damar, xərçəng, diabet və tənəffüs yollarının xəstəliklərinin profilaktikasında ən qabaqcıl təcrübələrlə bölüşdülər. Seminar zamanı İSİM-in mütəxəssisləri tərəfindən Azərbaycanda 2015-ci ildən başlayaraq "Qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair Strategiya"nın qəbul edilməsindən sonra görülmüş işlər barədə təqdimat edildi. Bununla yanaşı seminar zamanı təşkil olunan poster-sessiyada 2015 və 2016-cı illərdə İlkin Səhiyyə səviyyəsində çalışan tibb işçilərinin QİX-in risk faktorlarının aşkarlanması və aradan qaldırılmasına yönəlmiş təlim-tədris proqramına dair təqdimat da edildi.
Bildirək ki, seminarın üçüncü və dördüncü günləri Finlandiyanın Şimali Kareliya regionunda 1970-ci illərdə başlamış QİX-in profilaktikası layihəsinin geniş təqdimatına və uğurlu nəticələrinin müzakirəsinə həsr olunmuşdu. İştirakçılara uşaqlar, böyüklər, qadınlar və gənclər arasında QİX-lə mübarizə tədbirlərinə dair praktik və nəzəri biliklər verildi və Finlandiyanın müxtəlif yerlərində icra edilən tədbirlərə nəzər yetirildi. Seminarın son günündə iştirakçılar Finlandiya tam orta məktəblərində QİX-in profilaktikasına yönəlmiş tədbirlərlə tanış oldular, məktəb kurikulumunda sağlamlığa dair icbari dərslərdə iştirak edərək məktəblərdə tətbiq olunan "sağlam məktəb naharı proqramı"na dair ətralı məlumat aldılar.
Sonda seminarda iştirak edən ölkə nümayəndələri bu günlər ərzində əldə olunan məlumatların QİX-in profilaktikasını aparılmasında faydalı və vacib olduğunu tədbirin təşkilatçılarına bildirdilər.