15 MARCH 2017
ATU-da sağlam qidalanma mövzusunda dəyirmi masa keçirildi
13 mart 2017-ci il tarixdə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında əhali arasında sağlam qidalanma davranışlarının təşviqinə dair dəyirmi masa təşkil olundu. Səhiyyə Nazirliyinin Mətbuat Xidməti və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkil etdikləri dəyirmi masada ATU-nun, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM), İSİM-in mütəxəssisləri və KİV nümayəndələri iştirak etdilər. “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı”nın 9.2.1-ci bəndinin 3-cü (Sağlam qidalanma) hissəsinə əsasən təşkil olunmuş tədbirdə jurnalistlərə istənilən yaş dövründə əhəmiyyət kəsb edən sağlam qidalanma, sağlam həyat tərzi barədə məlumatlar verildi. Son illər ərzində bu sahədə aparılan tədqiqatların nəticələri onların diqqətinə çatdırıldı.
Tədbirdə iştirak edən Tibb Universitetinin müəllimləri balanslaşdırılmış qidalanmanın üstünlükləri, yağda qızardılmış duzlu və şirin qəlyanaltıların, fas-fud qida məhsullarının insan orqanizminə mənfi təsiri barədə mediaya məlumat verdilər. Həmçinin tərkibində doymuş, trans-yağ turşuları, sadə şəkər və ya xörək duzu yüksək olan qida məhsullarından, hazır un məmulatları və marqarin yağından istifadənin azaldılması və bu məhsullardan gündəlik enerji qəbulunun 1%-ə qədər aşağı salınmasının sağlamlıq üçün zəruriliyi barədə əhalinin maarifləndirilməsinin vacibliyi onların diqqətinə çatdırıldı. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə diqqəti şagirdlər arasında sağlam qidalanma vərdişlərinin aşılanması zəruriyyətinə yönəltdi. O, tədbir iştirakçılarına sağlam qidalanmanın, uşaqların qidalanması haqqında müəllimlərin valideynlərlə məlumat mübadiləsinin əhəmiyyəti, həmçinin İSİM-in bu istiqamətdə gördüyü maarifləndirici işlər, apardığı tədqiqatlar barədə qısa məlumat verdi. S.Babazadə eyni zamanda, uşaqlara sağlam qidalanma vərdişlərinin aşılanmasında valideynlər qədər müəllimlərin də öhdəliyi olduğunu vurğuladı.
Qeyd edək ki, tədbir zamanı paylanılan İSİM tərəfindən məktəb yaşlı uşaqların sağlam qidalanması mövzusunda hazırlanmış maarifləndirici materiallar həm tədbirdə iştirak edən ATU-nun müəllimlərinin, həm də jurnalistlərin marağına səbəb oldu.