15 MARCH 2017
“Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirildi (FOTO)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə 15 mart 2017-ci il tarixdə Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə tədbir keçirdi. Yuxarı sinif şagirdləri üçün təşkil olunmuş bu tədbirdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda təqdimatlar olundu, onlar arasında maariflənmə işi aparıldı.
Tədbir iştirakçılarına erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışıldı.
Uşaq evliliyi probleminə sosial aspektdən yanaşan İSİM-in mütəxəssisi Aysel Əkbərzadə məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. O, bildirdi ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır. A.Əkbərzadənin fikirləri ilə razılaşan tədbir iştirakçıları erkən yaşda qurulan evliliklərin çox vaxt tez dağıldığı haqda fikir söylədilər.
Daha sonra İSİM-in mütəxəssisi Cəmilə Kərimova erkən yaşlarda nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşanmasından, ana və uşaq ölümlərindən danışdı. Onun sözlərinə görə, son illərdə Azərbaycanda həm erkən nikahların, həm də yeniyetmə dövründə dünyaya övlad gətirən qadınların sayı artmışdır. C.Kərimova qeyd etdi ki, gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Mütəxəssis yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini vurğuladı.
Bundan başqa, natiq erkən ailə quran yeniyetmələrin təhsil almasının da böyük sual altında qaldığına diqqət yönəltdi: “Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur. Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır. Çünki onlar özləri də hələ uşaqdırlar”.
Təlimlərdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar və bu problemin qarşısının alınması məqsədilə son illərdə həyata keçirilən tədbirlər, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verildi.
İnteraktiv formada keçirilən tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıldı.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.