7 MARCH 2017
İSİM-də səhiyyənin və xəstəxanaların idarə olunmasına dair seminar keçirildi (FOTO)
6-7 mart 2017-ci il tarixlərdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatında regional səhiyyə qurumunun idarə heyətinin üzvü və vitse-prezidenti cənab Vorın Vayt (Warren White) tərəfindən seminar keçirildi.
Regional səhiyyə sistemi və çoxsaylı xəstəxanaların idarə edməsində 35 ildən artıq təcrübəyə malik mütəxəssis Bakıdakı səfəri zamanı İSİM-in təşkilatçılığı ilə keçirdiyi 2 günlük seminarda səhiyyə sisteminin idarə olunması və xəstəxana idarəçiliyi mövzusunda təqdimat etdi.
Seminarda Səhiyyə Nazirliyinin müvafiq qurumları, Azərbaycan Tibb Universitetinin nümayəndələri, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllim heyəti, o cümlədən sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə rezidentura keçən rezidentlər, İSİM-in əməkdaşları iştirak etdilər. Tədbirin keçirilməsində əsas məqsəd ABŞ-da səhiyyə sisteminin təşkilində, xəstəxanaların idarə olunmasında tətbiq edilən strukturu iştirakçıların diqqətinə çatdırmaq idi.
“Yenilik və böyümə yolu ilə səhiyyə xidmətlərinin daşınması” adlı təqdimat ilə çıxış edən cənab Vayt tədbir iştirakçılarını özünün fəaliyyət göstərdiyi tibb müəssisələrində bu istiqamətdə, yəni xəstəxanaların keyfiyyətli, səmərəli idarə olunmasında qazandığı təcrübə və regional səhiyyə ilə bağlı 15 tendensiya haqqında məlumatlandırdı.
Seminar zamanı xüsusi olaraq xəstələrin təhlükəsizliyinin təmin olunması, tibbi xidmət zamanı xəstəxanada israfçılığın qarşısının alınması haqqında ətraflı məlumat verən mütəxəssis həmçinin xəstələrə göstərilən tibbi qayğının artırılması naminə rezidentlərin və tibb tələbələrinin xəstəxana səviyyəsində təlim və hazırlıqlarının əhəmiyyətindən bəhs etdi. O, eləcə də kadrların idarə olunması və xəstəxanaların keyfiyyətli və uzunmüddətli fəaliyyəti baxımından strateji planlaşdırma aparılmasının lazımlı olduğunu da qeyd etdi. Görüşün sonunda cənab Vaytın təqdimatlarından faydalanan iştirakçılar ona təşəkkürünü bildirdilər.
Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.