7 APRIL 2016
7 aprel – Ümumdünya Sağlamlıq Günüdür
Hər il aprelin 7-si Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi dünya ictimaiyyətinin diqqətini qlobal miqyasda sağlamlığa aid vacib əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün imkan yaradır. 2016-cı il Ümumdünya Sağlamlıq Gününün mövzusu fiziki aktiv olmaqla, sağlam qidalanmaqla, tibbi məsləhətlərə riayət etməklə, şəkərli diabetlə mübarizəyə həsr olunub: “Diabetə qalib gələk!”. Bu gündə bütün dünyada olduğu kimi, Azərbaycanda da ictimaiyyətin diqqətini problemin əhəmiyyətinə yönəltmək və problemin həllinə yardım göstərmək üçün maraqlı tərəflərin bir araya gətirilməsi məqsədilə silsilə görüşlər, tədbirlər keçirilir.
2016-cı il aprelin 7-də Azərbaycan Tibb Universitetində (ATU) Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Diabet Liqasının təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Günü qeyd olundu. “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəaliyyət Planına əsasən keçirilən tədbirdə ictimai səhiyyənin qarşısında dayanan əsas vəzifələrdən biri kimi, şəkərli diabetin profilaktikası barədə məlumatlar diqqətə çatdırıldı.
ATU-nun Cərrahi xəstəliklər kafedrasının müdiri Məmməd Nəsirov və ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov Ümumdünya Sağlamlıq Günü ilə bağlı tarixə nəzər saldılar. Şəkərli diabetin profilaktikası məqsədilə keçirilən tədbirlərin əhəmiyyətini vurğuladılar.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi-İran diqqəti sosial bəlaya çevrilən şəkərli diabetlə mübarizə istiqamətində aparılan maarifləndirmə aksiyalarına çəkdi. Şəkərli diabet xəstəliyi və onun növləri barədə təqdimat edən Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova isə bildirdi ki, qeyri-infeksion xəstəliklər, o cümlədən şəkərli diabetlə mübarizə dövlətin əsas prioritet vəzifələrindəndir və bununla əlaqədar dövlət proqramları və tədbirlər planı hazırlanır.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin əməkdaşı Şəhla Mirzəzadə tərəfdaş təşkilatlarla birgə İSİM tərəfindən həyata keçirilən məlumatlandırma tədbirlərindən söhbət açdı. Qeyri-infeksion xəstəliklər, o cümlədən şəkərli diabetlə bağlı əhalinin maarifləndirilməsi məqsədilə çap materiallarının hazırlandığı barədə məlumat verdi.
Digər məruzələrdə də respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə görülən mütəmadi işlərə nəzər salındı: “Düzgün qidalanmama, qeyri-sağlam həyat tərzi artıq çəkinin artmasına səbəb olur, bu da bilavasitə şəkərli diabetin yaranmasına təkan verir. Dünyanın bir çox ölkələrində diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problemi aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi enib.”
Çıxış edənlər ÜST-nin 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə “ağır xroniki xəstəlik” kimi qələmə verdiyi şəkərli diabetlə mübarizədə hər kəsi həmrəy olmağa çağırdılar.