19 DECEMBER 2014
İSİM-də beynəlxalq ekspertin iştirakı ilə VİQA Alyansının Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində dəyirmi masa keçirildi
2014-cü il dekabrın 15-20-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində Türkiyəli ekspert Arzu Köşəli Azərbaycana səfər etdi. Səfərin məqsədi pediatriya kursunda immunizasiya üzrə modulların təkmilləşdirilməsinin və metodologiyanın qiymətləndirilməsi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təkliflərini nəzərə almaqla, layihənin birinci məqsədinin icrasına nail olmaqdır. Layihənin birinci məqsədinin vəzifəsi diplomdan sonrakı təhsil sisteminin gücləndirilməsi, ilkin səhiyyə səviyyəsində işləyən orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılmasından ibarətdir.
Səfər çərçivəsində Arzu Köşəlinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) layihənin işçi qrupu və direktorla, daha sonra 2 nömrəli Bakı Baza Tibb Kolleci, ÜST və qeyri-hökumət təşkilatlarının aidiyyəti nümayəndə heyəti ilə görüşləri təşkil olundu. Missiyaya 2014-cü il dekabrın 20-də İSİM-də diplomdan sonrakı təhsil sistemini gücləndirmək vasitəsi ilə orta tibb işçilərinin immunoprofilaktika sahəsində potensialının artırılmasına həsr olunmuş dəyirmi masanın keçirilməsi ilə yekun vuruldu. Dəyirmi masada İSİM, 2 nömrəli Bakı Baza Tibb Kolleci və ÜST-nin aidiyyəti tibb mütəxəssisləri iştirak etdilər.
Layihənin həyata keçirilməsi üzrə icra qrupun üzvü Lütfi Qafarovun layihə və beynəlxalq ekspertin missiyası barədə məlumatından sonra Arzu Köşəli immunoprofilaktika üzrə mövcud səhiyyə sisteminin qiymətləndirilməsi ilə bağlı təqdimat etdi. Təqdimatda ekspert Azərbaycanın mövcud səhiyyə sistemi ilə yaxından tanış olduğunu, mühazirələrdə iştirak etdiyini və təlim materiallarına nəzər yetirdiyini bildirdi. Arzu Köşəli diplomdan sonrakı təhsil sisteminin gücləndirilməsi, orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılması məqsədilə tibb işçilərinin kommunikasiya bacarıqlarının inkişafı, məlumatlılığın artırılması, təkmilləşdirmə kurslarının təşkili və yeni peşəkar təlimçilərin hazırlanması, mühazirələrin yeni formatda keçirilməsi istiqamətində tövsiyələrini verdi və fəaliyyətin uğurlu aparılması üçün komanda işinin vacibliyini vurğuladı.
Tövsiyələr və görüş müzakirələri layihənin birinci məqsədinin uğurla həyata keçirilməsi yönündə layihə iştirakçılarına növbəti təcrübə qazandırdı.