İSİM “Sağlam Düşüncə” Gənclər Təşkilatının “Tütünsüz ay” kampaniyasına tərəfdaşlıq etdi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

30 MAY 2014

İSİM “Sağlam Düşüncə” Gənclər Təşkilatının “Tütünsüz ay” kampaniyasına tərəfdaşlıq etdi

“Sağlam Düşüncə” Gənclər Təşkilatı tərəfindən “31 may – Ümumdünya Tütünsüz Günü” ilə bağlı mayın 1-dən 31-dək keçirilmiş “Tütünsüz ay” kampaniyasına Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) də qoşuldu. Kampaniyanın məqsədi ictimai yerlərdə tütünçəkmənin məhdudlaşdırılması haqqında ictimai fikrin formalaşdırılması, ikincili (passiv) tütünçəkmə və tütünün zərərləri haqqında əhalinin maarifləndirilməsi idi.

Kampaniya çərçivəsində passiv tütünçəkmənin və tütünün zərərləri haqqında təlimlər, seminarlar, bədii film nümayişləri, məlumatlandırıcı görüşlər, velo-yürüşlər, fləş-moblar təşkil olundu. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı Yaşıl Velosipedçilər Klubu ilə birgə Sumqayıt, Gəncə və Bakı şəhərlərində velo-yürüşlər təşkil etdi. Yürüş iştirakçıları “01-31 may – Tütünsüz ay” şüarı əks olunmuş köynəklərdə aksiyanın ideyasını təbliğ etdilər. Eyni zamanda velo-yürüş iştirakçıları toplanma məntəqələrində tütünün zərərləri haqqında məlumat vərəqələri və bukletlər payladılar.

“Tütünsüz ay” çərçivəsində növbəti velotur mayın 24-də Gəncədə baş tutdu. Velo-yürüş Gəncə şəhər meydanından başladı və son dayanacaq “Xan Bağı” oldu. Velosipedçilər marşrut üzrə şəhərin müxtəlif yerlərində oldular və şəhər əhalisinə tütünün zərərlərindən bəhs edən broşürlər payladılar. Növbəti velo-yürüş mayın 31-də Ümumdünya Tütünsüz Günündə Bakıda təşkil edildi. Mayın 30-da isə “Park Bulvar” AVM-də tütünçəkmənin zərərli olduğunu təbliğ edən maarifləndirmə xarakterli görüş keçirildi. Görüşdə əhaliyə sağlam həyat tərzinin seçilməsini özündə əks etdirən maarifləndirmə materialları paylanıldı.

“Tütünsüz ay” kampaniyası çərçivəsində paylanılmış bukletlər, vərəqələr və s. kampaniyanın tərəfdaşı olan İSİM tərəfindən hazırlanıb və çap edilib.