7 FEBRUARY 2014
İSİM-in nümayəndələri Bakı Neft-Energetika Kolleci nəzdində 5 saylı Füzuli köçkün məktəbində “Siqaretə və narkomaniyaya “Yox” deyək!” mövzusunda tədbirdə iştirak etdilər
2014-cü il fevralın 7-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri Pərvin Quliyeva, Aydan Əliyeva və Leyla Əliyeva Bakı Neft-Energetika Kolleci nəzdində 5 saylı Füzuli köçkün məktəbində “Siqaretə və narkomaniyaya “Yox” deyək!” mövzusunda tədbirdə iştirak etdilər. 7 fevral Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü olduğundan tədbir iştirakçıları onun ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
“Həyat” Beynəlxalq Humanitar Təşkilatının Qaçqın Qadın və Gənclər Mərkəzinin sədri Zəminə Səfərova, “Hüquq dünyası” İctimai Birliyinin əməkdaşı Nuriyyə Abbasova və başqaları çıxış edərək tütünçəkmənin və narkomaniyanın insan sağlamlığı üçün törətdiyi fəsadlardan bəhs etdilər.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 oktyabr 2013-cü il tarixli 118 nömrəli əmrinə əsasən İSİM-in 2014-cü il üçün İcra Planına əsasən tədbirdə iştirak edən İSİM-in əməkdaşları Pərvin Quliyeva və Leyla Əliyeva tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq belə maarifləndirici tədbirlərin keçirilməsinə dəstək olduqlarını bildirdilər.
Məruzəçilər şagirdlərə sağlam həyat tərzini seçməyə çağırdılar və şagirdlərdən ibarət qrup idman hərəkətlərini nümayiş etdirdilər. Tədbir şagirdlərin zərərli vərdişlərə, o cümlədən narkomaniyaya və tütünə qarşı mübarizə istiqamətində hazırladıqları səhnəciklərlə davam etdi. Tədbir boyunca məktəbin şagirdləri tərəfindən tütünçəkmə və narkomaniyanın insan orqanizminə vurduğu zərərləri özündə əks etdirən rəsmlər çəkildi. Eləcə də şagird-həkimlər şagird-pasiyentlərin suallarını cavablandıraraq tövsiyələrini bildirdilər.
Tədbir iştirakçılarına İSİM tərəfindən hazırlanmış tütünçəkmə, QİÇS-lə mübarizə əleyhinə bukletlər, plakatlar, qələmlər və digər maarifləndirici vəsaitlər paylanıldı.