25 noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

26 NOVEMBER 2013

25 noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı tədbir keçirildi

Zorakılığın ən müxtəlif təzahürləri müasir cəmiyyətin əsas problemidir. Onun qurbanları isə ən çox qadınlar olur. Müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günündə müxtəlif tədbirlər həyata keçirilir.

2013-cü il noyabrın 25-də Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanının icrası ilə bağlı “Məişət zorakılığının qarşısının alınması üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planı”na uyğun olaraq Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının əməkdaşlığı ilə “Park Bulvar” ticarət mərkəzində “Qadını vurma, ona vurul!” şüarı altında tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd Azərbaycan ictimaiyyətinin diqqətini qadın zorakılığı probleminə yönəltmək idi.

Mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə fotosərgi əsaslı təbliğat kampaniyasından ibarət olan tədbirdə Millət vəkili, “Birliyə doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi, “Təmiz Dünya” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Qadın Krizis Mərkəzi və KİV-in nümayəndələri iştirak etdilər. Tədbiri “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının sədri Hüseyn Cavadzadə açaraq, qonaqlara və tədbirin təşkilində əməkdaşlıq edənlərə, xüsusilə İSİM-ə minnətdarlığını bildirdi.

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Qənirə Paşayeva tədbirin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulayaraq: “Qadın anadır, qadın həyat yoldaşıdır, qadına qarşı zorakılıq insan haqlarının pozulmasıdır, qadınlara qarşı şiddətə son deyək!” şüarı ilə çıxışını tamamladı.

Artıq ikinci ildir ki, İSİM və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının birgə əməkdaşlığı ilə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı tədbirin təşkil olunduğunu xatırladan İSİM-in hüquqşünası Fidan Rüstəmova qadınlara qarşı zorakılıqla mübarizədə qanunvericiliyin nəzərdə tutduğu maddələrdən bəhs etdi.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova gündəlik həyatda qadın zorakılığı halları ilə tez-tez rastlaşdığını, bunun cəmiyyətin sağlam inkişafına ən böyük zərbə olduğunu dedi. Teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, əməkdar artist Elza Seyidcahan, jurnalist Ülkər Qasımova və “Birliyə doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin sədri Zərifə Quliyeva da çıxışlarında ictimaiyyətə “Qadına vurma, ona vurul!” deyə çağırış etdilər.

Fotosərgi açıq elan edildikdən sonra qonaqlar tanınmış ictimai fiqurlar – əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, Avroviziya Mahnı Müsabiqəsində təmsilçimiz Səbinə Babayeva, əməkdar artist Elza Seyidcahan, telejurnalist Günay Malikqızı, jurnalist Ülkər Qasımova və “Birliyə doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin sədri Zərifə Quliyevanın mövzu ilə bağlı çəkildikləri fotolarla tanış oldular.

Tədbirdə həmçinin əhaliyə “Qadını vurma, ona vurul!” adlı buklet paylanıldı.