21 NOVEMBER 2013
2011-2020-ci illərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyət ilə bağlı “Ümumdünya yol qəzaları qurbanlarının xatirə günü”nə həsr olunmuş tədbir keçirildi (PHOTO)
Yol-nəqliyyat hadisələri qurbanlarının xatirəsini yad etmək üçün bütün dünyada, eləcə də ölkəmizdə hər ilin noyabrında Yol-nəqliyyat hadisələri qurbanlarının Ümumdünya Xatirə Günü keçirilir. Bu təşəbbüs hələ 1993-cü ildə meydana gəlib, 2005-ci ildən isə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənib və qlobal tədbir statusu qazanıb.
2013-cü il noyabrın 21-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının birgə layihəsi çərçivəsində “28 Mall” ticarət mərkəzinin yeraltı parkinq sahəsində “Ümumdünya yol qəzaları qurbanlarının Xatirə Günü”nə həsr olunmuş tədbir keçirildi. Təhsil Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və KİV-in nümayəndələrinin iştirak etdiyi tədbirin açılışından sonra yol-nəqliyyat hadisələri qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra söz İSİM-in direktoru Ceyhun Məmmədova verildi.
Yol-nəqliyyat qəzaları nəticəsində öz yaxınlarını və doğmalarını itirənlərin dərdinə şərik olduğunu deyən direktor tədbirin məhz ictimaiyyətin diqqətini bir daha yollarda təhlükəsizlik məsələsinə yönəldilməsi məqsədilə təşkil olunduğunu nəzərə çatdırdı. Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasının mümkünlüyünü və onun hər birimizdən asılı olduğunu vurğulayan C.Məmmədov iştirakçıları yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi üçün dövlət tərəfindən keçirilən tədbirlərə dəstək olmağa çağırdı.
“ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının sədri Hüseyn Cavadzadə yollarda baş verən qəzaların cəmiyyətin bütün sahələrinə təsir etdiyini, bu problemin həlli yolunda birgə mübarizə aparmağın vacibliyini önə çəkdi.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri, Azərbaycanda 2011-2020 illərdə Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin Milli Əlaqələndiricisi Tofiq Musayev hər il yol qəzalarının milyonlarla insanın həyatını faciəvi surətdə dəyişdirdiyini diqqətə çatdırdı: “Yol-nəqliyyat qəzaları dünyada 10-24 yaşlı insanların əsas ölüm səbəblərindən biri olaraq, hər il 400000 gəncin həyatına son qoyur.”
Sürücü və piyadaları yollarda diqqətli olmağa çağıran T.Musayev çıxışını: “Zaman geriyə dönmür, lakin biz gələcəyə baxaraq birlikdə milyonların həyatını xilas edə bilərik” çağırışı ilə tamamladı.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov da çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşdülər.
Tədbirdə, həmçinin, gənc polis qızların səhnə performansı izlənildi, videoçarx nümayiş olundu, qonaqlara “Yol hərəkəti təhlükəsizliyi və gənclər barədə 10 fakt” bukleti və digər maarifləndirilmə materialları paylanıldı.
Təqdimatlararası fasilə “ADDIM” Yaradıcı Gənclər Assosiasiyasının həmtəsisçisi, Avroviziya-2011 Mahnı Müsabiqəsinin qalibi Eldar Qasımovun ifası ilə davam etdi.
You can watch pictures from the event here.