14 noyabr – Ümumdünya Diabet Günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

14 NOVEMBER 2013

14 noyabr – Ümumdünya Diabet Günüdür

Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. 2009-2013-cü illər üçün Ümumdünya Diabet Gününün 5 illik kampaniyasının mövzusu: “Diabetin təlimi və qarşısının alınması”dır. 2013-cü ilin kampaniyası “DİABET: Gələcəyimizi qoruyaq!” şüarı altında həyata keçirilir.

Bu günün keçirilməsində məqsəd ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırmaq, xəstəliyin inkişafının qarşısının alınması yollarını araşdırmaqdır.

ÜST-nin 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannaməsində “ağır xroniki xəstəlik” kimi səciyyələndirdiyi şəkərli diabeti təhlükəli və problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadlarının meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir.

Hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeyd olunur. Güman olunur ki, onlardan 50%-i öz xəstəliyi haqqında məlumatsızdır. Xəstəliyin yayılma tempinə görə, ÜST şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir.

Azərbaycanda bu xəstəlikdən əziyyət çəkənlərin sayı bu ilin göstəricilərinə görə, 182 min nəfər təşkil edir. Respublikamızda şəkərli diabetin qarşısını almaq məqsədilə mütəmadi olaraq işlər görülür. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” AR Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilib. Növbəti illər üzrə Nazirlər Kabinetinin qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilib. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanılıb və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılıb. Həmçinin şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enib.

Beynəlxalq Diabet Federasiyası dünyanın bütün ölkələrinin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti (ADC) Dünya Diabet Fonduna respublikanın şəhər və rayonlarında “Diabet Məktəblərinin təşkili” layihəsi ilə müraciət edib. Müraciətdən sonra Fondun tələblərinə uyğun olaraq, layihənin reallaşdırılmasında AR Səhiyyə Nazirliyinin təşkilati dəstəyi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) yaxından iştirakı nəzərdə tutulub və layihə Fond tərəfindən təsdiq olunub. Beləliklə, 2011-ci ildə İSİM və ADC tərəfindən “Diabet Məktəblərinin təşkili” layihəsinin icrasına başlanılıb.

İSİM tərəfindən fəaliyyət çərçivəsində həkimlərin stolüstü kitabı olan Şəkərli diabet (TİP 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol, əhalinin məlumatlandırılması məqsədilə maarifləndirici bukletlər, kitabçalar hazırlanıb və çap edilib. Proses davam etdirilir.