İSİM-də növbəti təşkilatlararası iclas keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

18 SEPTEMBER 2013

İSİM-də növbəti təşkilatlararası iclas keçirildi

​2013-cü il sentyabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti təşkilatlararası iclas keçirildi. İclasda İSİM, Səhiyyə Nazirliyinin “Sağlam həyat tərzi” proqramı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNİCEF), Save the Children, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), “Addım” Yaradıcı Gənclər Assosiasiyası və Oxfam-ın Azərbaycan nümayəndəliyinin nümayəndələri iştirak etdilər.

​Save the Children-in Proqram rəhbəri Leyla Mustafayeva Azərbaycanda qaçqın və sığınacaq axtaranlara qayğı və dəstək layihəsi barədə məlumat verdi.​Səhiyyə Sektorunda İslahatlar Layihəsinin ilkin səhiyyə üzrə əlaqələndiricisi Səkinə İsmayılova infeksion xəstəliklərə dair standart əməliyyat prosedurlarına əlavələrin edilib Səhiyyə Nazirliyinə təqdim olunduğunu bildirdi. İnnovasiya və Təchizat Mərkəzi üçün də belə əməliyyat prosedurlarının hazırlandığını və təlimlərin keçirildiyini deyən S.İsmayılova tibb təhsili sahəsində yeni tədris metodikalarına dair Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Azərbaycan Tibb Universitetində təlimlərin keçirildiyini nəzərə çatdırdı. Regionlarda ilkin səhiyyə xidmətində çalışan tibb işçiləri üçün müxtəlif modullar üzrə təlimlərin aparılacağı, pilot rayonların səhiyyə müəssisələrində tikinti işlərinin başa çatdırılması və avadanlıqla təchiz olunmasından da bəhs etdi.

​ÜST-nin Azərbaycan nümayəndəliyinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova İİV-lə yaşayan insanların müalicəsiylə bağlı 2013-cü ildə ÜST-nin Avropa Regional Bürosu tərəfindən hazırlanmış müalicə protokolunun xülasəsinin Azərbaycan dilinə tərcümə olunacağından söhbət açdı.

​BMT-nin Uşaq Fondunun Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi Natiq Umarov Azərbaycanda Milli qidalanma sorğusuna aid nəticələrin təhlilinin aparıldığından və təhlilin cavablarının oktyabrda hazırlanacağından bəhs etdi. Bakı Baş Səhiyyə İdarəsi ilə birgə Erkən müdaxilə xidmətlərinin göstərilməsinə dair fəaliyyət planının hazırlandığı və prosesə beynəlxalq mütəxəssislərin cəlb olunduğunu vurğuladı. Həmçinin UNİCEF tərəfindən Əhalinin sağlamlığının qorunması haqqında AR Qanununa qidaların zənginləşdirilməsi ilə bağlı əlavələrin edilməsinin təklif olunduğunu bildirdi. QHT vasitəsilə İİV risk qrupuna daxil olan gənclərin testə istiqamətləndirilməsi və statuslarının müəyyənləşdirilməsi üçün fəaliyyətin aparıldığını diqqətə çatdırdı.

​Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov Səhiyyə Nazirliyinin rəylərinə əsasən 2014-2018-ci illərə dair Strateji planın üzərində yenidən işlədiklərini bildirdi.

​Səhiyyə Nazirliyi “Sağlam həyat tərzi” proqramının milli koordinatoru Azad Hacıyev ÜST-nin alkoqol içkilərlə bağlı sorğu vərəqələrinin doldurulması prosesindən danışdı.

Azərbaycana Birgə Yardım Təşkilatının layihə koordinatoru Aysel Aslanova xüsusi qayğıya ehtiyacı olan uşaqların həyat şəraitini yaxşılaşdırmaq, onlara göstərilən xidmət səviyyəsini yüksəltmək, bu sahədə dövlət tərəfindən aparılacaq islahatları birgə əməkdaşlıq nəticəsində daha da təkmilləşdirmək məqsədilə iyul-dekabrda Biləsuvar və Şəmkirdə xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüşlərin keçirildiyini qeyd etdi.

İSİM-in direktoru Ceyhun Məmmədov Demoqrafiya və Sağlamlıq Sorğusunun ilkin hesabatının Səhiyyə Nazirliyinə təqdim edildiyini nəzərə çatdırdı. Həmçinin VİQA Alyansının Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində orta tibb işçilərinin immunoprofilaktika üzrə potensialının artırılması məqsədilə diplomdansonrakı təhsil sisteminin qiymətləndirilməsi üçün beynəlxalq ekspertin səfər missiyasından və məqsədindən bəhs etdi. Eləcə də “Uşaqlıq Dövrü Xəstəliklərinin Birgə Aparılması” proqramı çərçivəsində fəaliyyətin davam etdirildiyini bildirdi. Direktor bir neçə klinik protokolun Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunduğu və yeni protokollar üzərində işlənildiyi ilə bağlı məlumat verdi.

Oxfam-ın Azərbaycanda Sağlamlıq və Gender üzrə Proqram meneceri Murad Nəsibov icma əsaslı tibbi sığorta modeli və icma səhiyyə komitələrindən söhbət açaraq QHT Alyansının yaradılacağını və işlərin həmin Alyansa həvalə ediləcəyini vurğuladı.

Beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi təşkilatlararası iclaslarda ənənəvi olaraq QHT-dən bir nümayəndə dəvət olunaraq öz təşkilatının fəaliyyəti ilə bağlı təqdimat etməsinə imkan yaradılır. Hazırkı iclasa dəvət olunan nümayəndə “Addım” Yaradıcı Gənclər Assosiasiyasının rəhbəri Hüseyn Cavadzadə idi.

H.Cavadzadə ictimai səhiyyədə palliativ qulluq, Beynəlxalq qeyri-zorakılıq günü və yol-nəqliyyat qəzalarının qurbanlarının anım günü ilə bağlı tədbirlərin keçiriləcəyini bildirdi. İSİM-lə əməkdaşlıqdan bəhs edən H.Cavadzadə “31 may – Ümumdünya Tütünsüz Günü” ərəfəsində keçirilmiş tədbirlərdən söz açdı. İSİM-lə “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan “No Smoking” Film Festivalının böyük maraqla qarşılandığını və festivalın gələcəkdə beynəlxalq səviyyədə həyata keçirilməsi üçün təkliflərin alındığını vurğuladı.

Sonda fikir mübadiləsi aparıldı, suallara aydınlıq gətirildi.