İSİM-də beynəlxalq ekspertin iştirakı ilə VİQA Alyansının Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində seminar keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

16 SEPTEMBER 2013

İSİM-də beynəlxalq ekspertin iştirakı ilə VİQA Alyansının Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi layihəsi çərçivəsində seminar keçirildi

2013-cü il sentyabrın 9-13-də VİQA Alyansının “Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi” layihəsi çərçivəsində Böyük Britaniyalı ekspert Sara Herbert Cons Azərbaycana səfər etdi. Səfərin məqsədi mövcud səhiyyə sisteminin qiymətləndirilməsi, səhiyyə sisteminin qarşısında duran əsas problem və maneələrin müəyyən edilməsi, müraciət strategiyasına və tədbirlərə dair təkliflərin hazırlanması, bu günə kimi dəvət olunmuş beynəlxalq ekspertlərin təklifləri də nəzərə alınmaqla layihənin birinci məqsədinin icrasına nail olmaqdır. Layihənin birinci məqsədinin vəzifəsi diplomdan sonrakı təhsil sisteminin gücləndirilməsi, ilkin səhiyyə səviyyəsində işləyən orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılmasından ibarətdir.

Səfər çərçivəsində Sara Herbert Consun İSİM-də layihənin işçi qrupu və direktorla, daha sonra 2 nömrəli Bakı Baza Tibb Kolleci, Səhiyyə Nazirliyi, 2 poliklinika, Səhiyyə Sektorunda İslahatlar Layihəsi, ÜST və BMT-nin Uşaq Fondunun aidiyyəti nümayəndə heyəti ilə görüşləri keçirildi. Missiya 2013-cü il sentyabrın 13-də İSİM-də diplomdan sonrakı təhsil sistemini gücləndirmək vasitəsi ilə orta tibb işçilərinin immunoprofilaktika sahəsində potensialının artırılmasına həsr olunmuş seminarla yekunlaşdı. Seminarda İSİM, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran və Şəki Tibb Kolleci, “Səhiyyənin İnkişafına Dəstək” İctimai Birliyi və ÜST-nin aidiyyəti tibb işçiləri iştirak etdilər.

Seminarda layihənin həyata keçirilməsi üzrə icra qrupun üzvü Lütfi Qafarov və 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva Azərbaycanda tibb işçilərinin həm nəzəri, həm də praktik bilik səviyyələrinin artırılması və işin düzgün təşkil edilməsi məqsədilə onların təkmilləşdirmə kurslarına cəlb edilməsindən, səhiyyə mütəxəssislərinin sertifikasiyasından bəhs etdilər.

Səfər çərçivəsində Azərbaycanın mövcud səhiyyə sistemi ilə yaxından tanış olan Sara Herbert Cons bir sıra müsbət məqamlarla rastlaşdığını bildirdi. İSİM-in layihədə xüsusi fəallığını vurğulayan ekspert diplomdan sonrakı təhsil sisteminin gücləndirilməsi, orta tibb işçilərinin immunoprofilaktika üzrə bacarıq və biliklərinin artırılması məqsədilə tibb işçilərinin kommunikasiya bacarıqlarının inkişafı, məlumatlılığın artırılması, peyvəndlərin alınmasının qeydiyyata götürülməsi, təhlükəsiz inyeksiya ilə bağlı yeni məlumatlarının alınması, yeni vaksinlərlə bağlı məlumatların verilməsi və digər istiqamətlərdə tövsiyələrini verdi. Tövsiyələr və görüş müzakirələri layihənin birinci məqsədinin uğurlu həyata keçirilməsi yönündə layihə iştirakçılarına yeni təcrübə qazandırdı.