19 APRIL 2013
İSİM-də akademik Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyətinə dair dəyirmi masa təşkil olundu
2013-cü il aprelin 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibəti ilə həyatı, elmi və ictimai fəaliyyətinə dair dəyirmi masa keçirildi. Tədbirdə İSİM, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti (ATU), eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
İştirakçıları salamlayan İSİM-in direktoru Ceyhun Məmmədov tədbirin çox əlamətdar günə – dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunduğunu bildirdi: “Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Vətənin qüruru sayılan iki övlad böyütmüş ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır”.
C.Məmmədov həmçinin görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyevanın vətəndaşlıq, humanizm və ürək saflığının mücəssiməsi olduğunu vurğuladı.
C.Məmmədov tədbirin Azərbaycan Respublikası Prezidentinin “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrasını təmin etmək və birgə fəaliyyəti əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırladıqları birgə Tədbirlər Planına uyğun olaraq təşkil olunduğunu bildirdi.
İSİM-in Həmkarlar İttifaqı Komitəsinin sədri Aris Rüstəmov iştirakçılarla Zərifə xanım Əliyeva haqqında xatirələri bölüşdü. Görkəmli oftalmoloqun həyatı, elmi və ictimai fəaliyyəti ilə bağlı məlumat verən A.Rüstəmov akademikin oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar apardığından və dəyərli elmi-tədqiqat işləri yazdığından bəhs etdi. A.Rüstəmov alimin dünyada ilk dəfə olaraq, peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaratdığını və praktik olaraq, elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyduğunu diqqətə çatdırdı. Eləcə də yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edən Zərifə xanımın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini bildirdi.
ATU-nun Göz xəstəlikləri kafedrasının müdiri professor Paşa Qəlbinur, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdirləri professor Rasim Hacıyev və Nübar Həşimova nurlu insan Zərifə xanım Əliyevanın xoş xatirəsini ehtiramla yad etdilər: “Zərifə xanımın həyatını mənalandıran nə varsa – onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti – hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnib. Zərifə xanımın insanlara həsr etdiyi hər mənalı günü xoş əməl naminə sərf olunub”.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyatı, elmi və ictimai fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirildi.