16 APRIL 2013
İSİM-də Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Azərbaycan Respublikasının Milli Strategiyası layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil olundu
Qeyri-infeksion xəstəliklər (QİX) tütünçəkmə, spirtli içkilərdən sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki aktivliyin olmaması kimi ümumi risk faktorları səbəblərindən yaranan xronik xəstəliklər qrupuna aiddir. İnkişaf etmiş ölkələrdə səhiyyənin əsas yükünü QİX təşkil edir. Xəstəlik yükü və vaxtından əvvəl ölüm hallarına daha çox dörd əsas QİX-də (ürək-damar xəstəlikləri, onkoloji, xronik obstruktiv ağciyər xəstəlikləri və şəkərli diabet) rast gəlinir. Qlobal miqyasda 2008-ci ildə qeydə alınan 57 milyon ölüm halının 36 milyonuna (63%) səbəb QİX olub. 2008-ci ildə QİX-dən ölüm (29 milyon) hallarının təxminən 80%-i aşağı və orta gəlirli ölkələrdə baş verib.
Səhiyyə Nazirliyi tərəfindən QİX-lə bağlı bir sıra araşdırmalar, o cümlədən QİX-ə dair vəziyyətin təhlili (2008), QİX-in iqtisadi təsirinin təhlili (2009), Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (GYTS-2011), QİX-in risk amilləri üzrə milli araşdırma (2011) və s. həyata keçirilib.
2013-cü il aprelin 16-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Azərbaycan Respublikasının Milli Strategiyası layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa təşkil olundu. Dəyirmi masada Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, SN Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Əhali Fondu (UNFPA), AbtAssociates, İSİM, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Dəyirmi masanı giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Milli Strategiyanın hazırlanmasında iştirak edən tərəfdaş təşkilatlara minnətdarlığını bildirdi. Direktor qeyri-infeksion xəstəliklərin ictimai səhiyyənin problemlərindən biri olduğunu və bu problemin qarşısını almaq üçün tədbirlərin görüldüyünü, səhiyyə sistemlərinin bu məqsədlə böyük maliyyə dəstəyi ayırdığını nəzərə çatdırdı. ÜST-nin hesablamalarına görə, Avropada xəstəliklərdən ölüm göstəricisinin 86%-nin məhz QİX-in payına düşdüyünü və xüsusilə iqtisadi fəal əhali arasında ölüm hallarının beş əsas səbəbini bu xəstəliklərin təşkil etdiyini bildirən C.Məmmədov QİX-in profilaktikası və mübarizəsinə dair dünya üzrə həyata keçirilmiş fəaliyyətdən söhbət açdı: “2006-cı ildə ÜST-nin Avropa regional komitəsinin 56-cı sessiyasında QİX-in profilaktika və mübarizəsinə yönəlmiş hərtərəfli strategiya təsdiqlənib, 2011-ci ildə isə Bakıda keçirilmiş Avropa Regional Komitəsinin 61-ci sessiyasında QİX-in profilaktika və mübarizəsinə dair 2012-2016-cı illər üçün Fəaliyyət planı hazırlanıb və qəbul olunub. Nyu-Yorkda keçirilmiş BMT-nin yüksək səviyyəli görüşündə isə bu istiqamətdə Siyasət Deklarasiyası qəbul edilib.” Azərbaycanda da qeyri-infeksion xəstəliklərin qarşısının alınması məqsədilə mühüm addımların atılmasının vacibliyindən bəhs edən direktor ÜST-nin tövsiyələrini nəzərə alaraq, Səhiyyə Nazirliyi tərəfindən Milli Strategiyanın hazırlanmasının İSİM-ə həvalə edildiyi barədə iştirakçıları məlumatlandırdı. Həmçinin dəyirmi masada Milli Strategiyanın ilkin layihəsinin müzakirə ediləcəyini, səsləndirilən tövsiyə və təkliflər əsasında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək yüksək səviyyəli tədbirdə Strategiyanın strateji planının beynəlxalq səviyyədə müzakirə olunacağını diqqətə çatdırdı.
Qeyri-infeksion xəstəliklərin aradan qaldırılması üçün vaxtında düşünməyin vacibliyini vurğulayan USAİD tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin rəhbəri Olqa Zues əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində Milli Strategiyanın hazırlanmasında İSİM-in təşəbbüskarlığını dəyərləndirdi.
ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin Qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram məsləhətçisi Sevil Əsədova Azərbaycanda QİX problemi, QİX-ə dair vəziyyətin təhlili və QİX-in risk amilləri üzrə milli araşdırmanın nəticələri barədə təqdimat etdi. S.Əsədova xəstəliklərin və ölüm hallarının böyük hissəsinin QİX-in əsas kateqoriyalarının, xüsusilə ürək-damar xəstəlikləri, xərçəng, diabet və xroniki respirator xəstəliklərinin üzərinə düşdüyü, QİX-in davranış və bioloji risk faktorları barədə geniş söhbət açdı. Təqdimatda milli araşdırmada iştirak etmiş insanların demoqrafik göstəriciləri, tütündən, alkoqollu içkilərdən istifadə səviyyəsi, qidalanması, fiziki fəallığı və risk faktorlarının cəmi nəzərə çatdırıldı. S.Əsədova o cümlədən QİX problemi, bu xəstəliklərlə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətindən danışdı.
Təbabət və İctimai Səhiyyə üzrə professor, AZSHİP layihəsinin beynəlxalq eksperti Jose M.Martin-Moreno “Sübutdan təcrübəyə: Beynəlxalq təcrübə və ÜST-nin tövsiyələrinin tətbiqi ilə Azərbaycanda QİX-in yükünün azaldılması” mövzusunda təqdimat etdi. Təqdimatda QİX-lə beynəlxalq mübarizə, ÜST-nin strateji tədqiqatları, təcrübədən bəzi nümunələr, ÜST-nin tövsiyələri və alətlər, eləcə də Azərbaycanda bu problemin aradan qaldırılmasına yardım məqsədilə təklif və tövsiyələr bildirildi. 2013-2020-ci illərdə QİX-in qarşısının alınması və nəzarəti üzrə ÜST-nin qlobal fəaliyyət planında qarşıya qoyulan altı əsas vəzifəni nəzərə çatdıran J.M.Martin-Moreno Avropa QİX Fəaliyyət Planı barədə də geniş məlumat verdi.
İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri, layihənin koordinatoru Töhfə Cəmilova aparılan tədqiqatların nəticələrinə əsasən Azərbaycanda ölüm və xəstələnmə hallarının başlıca səbəbi kimi QİX hallarının böyük əksəriyyətinin baş verməsinin tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlı olduğu barədə məruzə etdi. Həmçinin T.Cəmilova Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Milli Strategiyanın layihəsi (2013-2020) haqqında geniş məlumat verdi: “Milli Strategiyanın məqsədi qeyri-infeksion xəstəliklərlə bağlı vaxtından əvvəl ölümün qarşısının alınması və bu xəstəliklərin yükünün azaldılması ilə əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılması, həyat davamlılığının uzadılması, ölkənin əmək ehtiyatlarının və iqtisadi potensialının artırılmasına nail olmaqdır. Strategiya ÜST-nin tövsiyə etdiyi altı prinsip əsasında qurulub.” Milli Strategiyanın Azərbaycanda QİX-in qarşısının alınması və nəzarəti üzrə milli, ümumiləşdirilmiş və effektiv tədbirlərə dair rəhbərliyi və ümumi strateji çərçivəni müəyyənləşdirən sənəd olduğunu deyən T.Cəmilova Strategiya layihəsinin İSİM, SSİL, ÜST və USAİD-in dəstəyi ilə hazırlandığını vurğuladı.
Sonda təqdimatlar ətrafında fikir mübadiləsi və müzakirələr aparıldı.