15 NOVEMBER 2012
“Keyfiyyət tədqiqatı metodlarının öyrənilməsi” üzrə təlim keçirildi
2012-ci il noyabrın 13-15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Keyfiyyət tədqiqatı metodlarının öyrənilməsi” üzrə təlim keçirildi. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində AbtAssociates-in təşkilatçılığı ilə keçirilən təlimi beynəlxalq ekspert Emili Sanders apardı. İSİM-in əməkdaşlarının iştirak etdiyi təlimin məqsədi iştirakçılarda formalaşdırıcı tədqiqatlar və səhiyyədə əlaqələndirici kampaniyaların ilkin yoxlanılması üçün keyfiyyət xarakterli araşdırmaların planlaşdırılması və müvəffəqiyyətlə icra edilməsi, o cümlədən müsahibə protokollarının, moderator təlimatlarının işlənib hazırlanması, fərdi müsahibə və qrup müzakirələrinin aparılması üzrə bilik və vərdişləri inkişaf etdirməkdir.
İştirakçılar təlim boyunca gələcək fəaliyyətlərində zəruri olan bilik və vərdişlərə yiyələndilər. Təlimdə keyfiyyət tədqiqatı metodları, tədqiqat üçün iştirakçıların seçilməsi və cəlb edilməsi üsulları barədə məlumat verildi. Səhiyyədə əlaqələndirici kampaniyaların elan və qiymətləndirilməsi üzrə uğurlu araşdırma xarakterli tədqiqatlar üçün lazımi prosedurlar barədə məlumat verən təlimçi bu tədbirlərin tətbiq edilmə qaydalarını da diqqətə çatdırdı. E.Sanders fərdi müsahibənin və qrup müzakirələrinin lazımi səviyyədə aparılması üçün müvafiq qabiliyyətin inkişaf etdirilməsi istiqamətində xüsusi qaydalardan söhbət açdı. Həmçinin müsahibə və hədəf qrup tədqiqatları üçün doğru və faydalı sualların hazırlanması yolları açıqlandı. Müsahibə üzrə rəhbər tövsiyələrin hazırlanması və müsahibənin texnikalarından məlumat verən E.Sanders tədqiqatın formalaşdırılması və ilkin yoxlama üçün hədəf qrupların müəyyənləşdirilməsi üsulları barədə iştirakçıları təlimatlandırdı. Eləcə də hədəf qrupun idarə edilməsində məsləhət və texnikalar, keyfiyyətlə aparılan tədqiqatın təmin edilməsi barədə məlumatlar çatdırıldı. Təlimçi tədqiqat üsulları, müsahibə və müsahibə mərhələləri ilə bağlı nümunələr gətirdi. Müvafiq təlim materialları paylanıldı.
Bilik və vərdişləri təkmilləşdirmək, müvəffəqiyyətli keyfiyyət tədqiqatı tədbirlərini tətbiq və idarə etmək, keyfiyyət tədqiqat üsullarında gələcək istiqamətlər və yenilikləri müəyyənləşdirmək üçün tövsiyələr verildi. İştirakçılar təlim ərzində qazandıqları nəzəri bilikləri fokus qruplarda müvafiq tapşırıqları həll etməklə təcrübədə tətbiq etdilər. Suallar cavablandırıldı. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olundu.