14 NOVEMBER 2012
14 noyabr – Ümumdünya Diabet Günüdür
Hər il dünyada təxminən bir milyon insanın ölümünə səbəb olan şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib.
Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə 1991-ci ildə irəli sürülüb. O vaxtdan etibarən hər il 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd olunur.
2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu qətnamənin əsasında dövlətlər ilk dəfə olaraq, qeyri-infeksion xəstəlik olan diabeti dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayaraq, İİV/QİÇS, vərəm, malyariya kimi infeksion xəstəliklərlə eyni səviyyədə qəbul etdilər. Qətnamə BMT-yə üzv dövlətləri bu günü təsdiq etməyə, həmçinin bütün millətləri diabetin qarşısını almaq və müalicə etmək üçün milli siyasət oriyentasiyasını hazırlamağa dəvət edir.
Ümumdünya Diabet Günü 160-dan çox ölkədə, Beynəlxalq Diabet Federasiyasının 200 üzvü, o cümlədən assosiasiya və təşkilatlar, səhiyyə mütəxəssisləri, şəkər xəstələri və onların ailələri tərəfindən qeyd olunur. Kampaniya ictimaiyyəti xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə məlumatlandırmaq məqsədi daşıyır. Ümumdünya Diabet Günü milyonlarla insanı – şəkər xəstəsi olan və olmayan uşaq və yetkin insanları, səhiyyə mütəxəssislərini, dövlət məmurlarını, mətbuatı bir yerə toplayır.
Ümumdünya Diabet Günündə diabetlə bağlı qlobal məlumatlılıq artırılır, bu xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır, beynəlxalq ictimaiyyət və beynəlxalq inkişaf agentlikləri inkişaf etməkdə olan ölkələri diabetin qarşısının alınmasına və səhiyyə xidmətindən istifadənin artırılmasına dəstək verməyə çağırılır.
Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” AR Qanunu qəbul olunub. AR Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı”ı təsdiq edilib. Görülmüş tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərmanla təmin olunması xeyli yaxşılaşıb və onların şəkərsalıcı dərman preparatları ilə təminatında mövcud gərginlik qismən aradan qaldırılıb. Xəstələrin əksəriyyəti özünənəzarət vasitələri – qlükometrlərlə təmin edilib. Müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb.
2007-ci ildən başlayaraq, Azərbaycan Diabet Cəmiyyəti (ADC) hər il Ümumdünya Diabet Gününü qeyd edir. Bu gündə diabetlilərlə bağlı məsələlərin müzakirəsi keçirilir. 2009-2013-cü illərin kampaniyası isə 4 mühüm məqsədə yönəldilib: 1. Hər dövlət şəkərli diabetin qarşısının alınması və idarə olunmasına dair strategiyalar və siyasətlər həyata keçirtməlidir. 2. Hər diabetə düçar olan insan diabeti daha yaxşı idarə etməkdən ötrü təlim almalıdır. 3. Hər bir insan diabeti xəbərdar edən əlamətləri, diabetin fəsadlarının qarşısının alınması haqqında bilmədir. 4. Dünya diabet günü hər ölkədə qeyd olunmalıdır.
AR Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın icrası üçün Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici nəşrlərin çap edilməsi, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
2011-ci ildə AR Səhiyyə Nazirliyinin təşkilati dəstəyi ilə İSİM və ADC tərəfindən “Diabet Məktəblərinin təşkili” layihəsinə başlanılıb. Dünya Diabet Fondu tərəfindən təsdiq olunan layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır. Layihə çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki və Şirvanda lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbi yaradılıb.
2011-2015-ci illəri əhatə edən AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda profilaktik tədbirlərə xüsusi yer verilib, əsas diqqət xəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə və xəstəlik nəticəsində meydana çıxan fəsadların qarşısının alınmasına yönəldilib.