Azərbaycanda Milli qidalanma sorğusu üzrə təlim keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

12 NOVEMBER 2012

Azərbaycanda Milli qidalanma sorğusu üzrə təlim keçirildi

AR Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında 2012-2013-cü illər üçün imzalanmış iş planında Azərbaycanda Milli qidalanma sorğusunun keçirilməsi nəzərdə tutulub. AR Səhiyyə Nazirliyinin “Azərbaycanda Milli qidalanma sorğusunun keçirilməsi barədə” 05.11.2012-ci il tarixli 106 №-li əmrinə əsasən sorğunun keçirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilib.

2012-ci il noyabr – 2013-cü il yanvar aylarını əhatə edəcək sorğu BMT-nin Uşaq Fondunun texniki yardımı ilə Dövlət Statistika Komitəsi tərəfindən yaradılmış seçmə şəbəkəsi üzrə keçiriləcək.

15-49 yaşlı qadınlar və 0-59 aylıq uşaqlar arasında aparılacaq sorğunun nəticələri bu və ya digər məhsulun mikroelementlərlə zənginləşdirilməsi üçün işlənilib hazırlanacaq. Sorğudan əldə edilən məlumatlar növbəti 4-5 il üçün istifadə olunacaq.

2012-ci il noyabrın 7-10-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycanda Milli qidalanma sorğusunda iştirak edəcək mütəxəssislər üçün təlim keçirildi.

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsinin müavini Rəşed Mustafa və Azərbaycanda Milli qidalanma sorğusu üzrə koordinator Tamerlan Rəcəbov sorğu haqqında ümumi məlumatları diqqətə çatdırdılar, sorğunun keçirilməsində məqsədləri açıqladılar. Eyni zamanda sorğunun metodologiyası, sahədə işlərin aparılması üçün komanda üzvlərinin vəzifələrinin təsviri və sahədə yerinə yetiriləcək prosedurlarla bağlı məlumatlar çatdırıldı. Məlumatların toplanması üçün istifadə edilən sorğu formaları nəzərdən keçirildi. Sorğudan əvvəl sınaq iş təcrübəsi aparıldı. İştirakçılara zəruri təlim materialları paylanıldı. Beynəlxalq mütəxəssislərin iştirakı ilə keçirilən təlim çərçivəsində sahəyə gedəcək iştirakçıların seçilmiş şəxslər və ev təsərrüfatı ilə ünsiyyətdə yarana bilən problemlərin həlli yolunda tövsiyələr verildi. Mütəxəssislər gələcək fəaliyyətin keyfiyyətinə nəzarət məqsədilə təlimatlandırıldılar.