7 NOVEMBER 2012
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2012-ci il noyabrın 7-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Rostropoviç-Vişnevskaya Fondu, BMT-nin Əhali Fondu (UNFPA), AbtAssociates, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, OXFAM və digər təşkilatların nümayəndələri iştirak etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq, ötən aylar ərzində və planlaşdırılan işlər barədə qısa məlumat verdi. Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) üzrə hesabatın ilkin variantının gələn ilin əvvəlində hazır olacağını vurğulayan direktor sorğu zamanı əldə olunan uşaq ölümü ilə bağlı nəticələrin Səhiyyə Nazirliyinə göndərildiyini nəzərə çatdırdı. Direktor Səhiyyə Nazirliyinin əmrinə əsasən hazırda qeyri-infeksion xəstəliklərlə bağlı milli strategiyanın hazırlanması üzrə işlərin davam etdiyini bildirdi. İSİM və BMT-nin Əhali Fondu ilə birgə əməkdaşlıq nəticəsində keçiriləcək seminarda fövqəladə hallar zamanı reproduktiv sağlamlıq üzrə zəruri tədbirlərin minimum paketinin müzakirə ediləcəyini vurğuladı. C.Məmmədov həmçinin noyabrın 13-15-də İSİM-də Mərkəzin əməkdaşları üçün keçiriləcək “Keyfiyyət tədqiqatı metodlarının öyrənilməsi” üzrə təlim barədə söhbət açdı.
Azərbaycanda Səhiyyə Sektorunda İslahatlar Layihəsinin əməkdaşı Səkinə İsmayılova fəaliyyət çərçivəsində 2 xəstəxana və 7 həkim məntəqəsinin tikildiyini, əlavə olaraq isə 2 həkim məntəqəsinin tikintisi üzrə işlərin davam etdiyini diqqətə çatdırdı.
AbtAssociates-in nümayəndəsi Nərmin Əfəndiyeva Azərbaycanın bəzi bölgələrində tibb personalı üçün bir sıra klinik protokollar üzrə keçirilən təlimlərdən bəhs etdi.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilati-metodika şöbəsinin müdiri Eldəniz Muradov “1 dekabr – QİÇS-lə Mübarizə Günü” ilə bağlı Mərkəz tərəfindən tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı.
“Azərbaycanda fövqəladə hallar zamanı ictimai səhiyyənin idarə olunması” üzrə Milli Kursun hazırlanması mövzusunda ÜST-nin Azərbaycandakı ofisinin Fövqəladə hallara hazırlıq və cavabvermə proqramının əməkdaşı Samir Mehdiyev təqdimat etdi. ÜST-nin Avropa Regional Ofisinin bütün Avropada bu mövzuya diqqət ayırdığını vurğulayan S.Mehdiyev fövqəladə hallara hazırlıq komponentləri, ÜST-nin fövqəladə hallara yanaşması, fövqəladə hallara hazırlıq məqsədilə görülən tədbirlər, kommunikasiya vasitələrindən maksimum yararlanma, mürəkkəb fövqəladə hallarda reproduktiv sağlamlıq, fəlakətlər zamanı xroniki xəstəliklərin idarə olunması və digər mövzular haqqında iştirakçıları məlumatlandırdı.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.