BDU-nun tələbələrinə “Tütünün təhlükələri” mövzusunda mühazirə keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

30 OCTOBER 2012

BDU-nun tələbələrinə “Tütünün təhlükələri” mövzusunda mühazirə keçirildi

2012-ci il oktyabrın 30-da Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Tütünün təhlükələri” mövzusunda mühazirə keçirildi. Görüşdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri, BDU-nun müəllim və tələbə heyəti iştirak etdi.

İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Aytən Vəlixanova ilk növbədə İSİM-in fəaliyyəti barədə qısa məlumat verdi. Əhalinin maarifləndirilməsi istiqamətində Mərkəzin həyata keçirdiyi tədbirlərdən və çap olunan nəşrlərdən söz açdı. Daha sonra “Tütün barədə nə bilirsən?” mövzusunda təqdimat etdi. Məruzəçi ilk növbədə tütünün dünyada yayılmasının tarixinə xronoloji nəzər yetirdi. Təqdimatda tütünçəkməyə başlama səbəblərindən, siqaret tüstüsünün insan orqanizminə ciddi təsirindən, aktiv və passiv tütünçəkmə nəticəsində yaranan xəstəliklərdən bəhs olundu. Tütündən istifadənin dünyada səkkiz əsas ölüm səbəbindən altısına dair risk faktoru olduğunu deyən A.Vəlixanova hazırda tütünün dünyada ən çox qarşısı alına bilən yeganə ölüm səbəbi olduğunu vurğuladı. Təqdimatda həmçinin valideynlərin tütün çəkməsinin uşaq sağlamlığına mənfi təsirindən söhbət açıldı, “tütün epidemiyası” ilə bağlı dünya üzrə statistik göstəricilərə nəzər salındı.

Mühazirə əsnasında İSİM-də hazırlanmış “Tütünə qarşı mübarizəyə mane olan 12 mif”, “Siqaret, yoxsa sağlamlıq”, “Siqaret çəkmək sağlamlıq üçün təhlükəlidir”, “Beynəlxalq Tütünçəkmədən İmtina Günü!”, “Vərəm və tütünçəkmə” mövzularında bukletlər paylanıldı.

Mühazirədən sonra iştirakçılardan ibarət fokus qruplar təşkil olundu. İSİM-də çapı nəzərdə tutulmuş tütünlə bağlı plakatların ilkin variantları müzakirə edildi. İştirakçıların sualları cavablandırıldı.