24 oktyabr – Ümumdünya poliomielit günüdür | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

24 OCTOBER 2012

24 oktyabr – Ümumdünya poliomielit günüdür

Hər il oktyabrın 24-də bütün dünyada insanların diqqəti poliomielitin qlobal səviyyədə aradan qaldırılmasının vacibliyinə yönəlir. Hazırda poliomielitin aradan qaldırılması ilə bağlı fəaliyyətin 99%-i həyata keçirilib və uşaqların əksəriyyəti poliomielit təhlükəsindən azad, diri doğulur. 2012-ci ilin bu günündə poliomielit səbəbindən iflic olan uşaqlara, uşaqların peyvənd olunmasına kömək edən çoxlu sayda könüllülər barədə düşünürük. Poliomielitin qlobal səviyyədə aradan qaldırılması təşəbbüsünü əsasən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu və digər beynəlxalq təşkilatlar dəstəkləyir.

15-20 il bundan əvvələ kimi Azərbaycanda geniş yayılmış ağır yoluxucu xəstəlik olan poliomielitə yoluxanların sayı AR Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində sıfıra endirilib. 1996-cı ildə Azərbaycanda son poliomielit hadisəsi qeydə alınıb. 2002-ci ildə ÜST Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verib, 2005-ci ildən başlayaraq, qızılca və məxmərək əleyhinə də tədbirlər genişlənib. Bu statusun möhkəmləndirilməsi məqsədilə poliomielitlə, o cümlədən digər xəstəliklərlə mübarizə davam etdirilir. “2011-2013-cü illərdə poliomielitdən azad statusun saxlanılması üzrə Milli Plan” əsasında planlı peyvəndlə əhatə, Kəskin Süst İflici (KSİ) üzərində epidemioloji və laborator nəzarət, sanitar maarif işi, koordinasiya kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) immunlaşdırma sahəsində davamlı işlər görərək, bu istiqamətdə öz töhfəsini verməkdədir. 2010-cu ilin oktyabr-dekabrında ÜST və İSİM-in əməkdaşlığı sayəsində “Tibb kolleci üçün metodiki vəsaitlərin hazırlanması” layihəsi gerçəkləşdirilib. Layihə çərçivəsində müxtəlif xəstəliklər (difteriya, qızılca və s.) üzrə immunlaşdırma, eyni zamanda “İmmunlaşdırmadan sonra xoşagəlməz hallar (reaksiya və ağırlaşmalar)” mövzularında stendlər hazırlanıb, 2 hissədən ibarət videoçarx çəkilib. Həmçinin maarifləndirici vəsaitlər çap edilib, konfranslar təşkil olunub.

Mərkəzin davamlı fəaliyyəti çərçivəsində 2012-ci il oktyabrın 24-də Şəkidə immunlaşdırma ilə bağlı icmalarla görüş keçirildi. AbtAssociates və İSİM-in təşəbbüsü ilə keçirilmiş görüşdə mütəxəssislər, tibb işçiləri, valideynlər iştirak etdi.

İSİM-in Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova Mərkəzin ümumi fəaliyyətindən və həyata keçirilən layihələrdən söhbət açdı. Məruzəçi “Yoluxucu xəstəliklər və peyvəndlər” mövzusunda təqdimatda peyvənd etmənin məqsədi, poliomielit və digər yoluxucu xəstəliklər əleyhinə peyvənd barədə məlumat verdi. İSİM-də hazırlanmış və əhalinin maarifləndirilməsi məqsədini daşıyan bukletlər və plakatlarla bağlı yeniliklər marağa səbəb oldu. İştirakçıların sualları cavablandırıldı və İSİM-də çap olunmuş “Peyvənd təqvimi” mövzusunda plakat və “Poliomielit” bukleti paylanıldı.