11 OCTOBER 2012
İSİM-də “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusunda təlim keçirildi
Fövqəladə hallar qəfil katastrofik hadisələr, tədricən davam edən fəlakətlər və uzunmüddətli sosial problemlərlə bağlı hadisələr nəticəsində yarana bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun Fəlakətlərə hazırlıq proqramı fəlakətlərin qarşısının alınmasında, onların ağır nəticələrinin azaldılmasında və ya yüngülləşdirilməsində, eləcə də fəlakətlərdən sonra bərpa işlərinin idarə edilməsində köməyə ehtiyacı olan ölkələrə yardım edir. ÜST-nin müəyyənləşdirilmiş 13 prioritet istiqamətindən biri üzv dövlətlərin səhiyyə sisteminin fövqəladə hallara hazırlıq məsələsidir. Avropa regional bürosunun 53 üzvündən 9-u bu cür təlim kurslarının keçirilməsi üçün təşəbbüs irəli sürüb. Azərbaycan təşəbbüskarlığına görə regional səviyyədə üzv dövlətlərə liderlik edir. İlk olaraq, Azərbaycan bu təlim proqramının hazırlanmasına səy göstərib və bir neçə təlimçimiz İsraildə belə kursun təşkili ilə əlaqədar təlim keçib. Bu təlimdə əldə etdikləri geniş bilik və təcrübə Azərbaycanda təşkil edilən təlim kursunun hazırlanmasında tətbiq edilib.
2012-ci il oktyabrın 9-11-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusunda təlim keçirildi. Təlim AR Səhiyyə Nazirliyi ilə ÜST arasında 2 illik əməkdaşlıq barədə saziş əsasında, “İctimai səhiyyə və fövqəladə halların idarə edilməsi” mövzusunda təlim kursunun təşkili layihəsi çərçivəsində təşkil olundu. ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin maliyyə dəstəyilə və İSİM-in təşəbbüsü ilə keçirilən təlimdə AR Səhiyyə Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, İSİM, Azərbaycan Tibb Universiteti, Təcili Tibbi Yardım Stansiyası və ÜST-nin mütəxəssislərindən ibarət qrup iştirak etdi. Təlimçilər üçün təkmilləşdirmə təliminin əsas məqsədi beynəlxalq mütəxəssislərin təklifləri nəzərə alınmaqla, ictimai səhiyyədə fövqəladə halların idarə edilməsi istiqamətində fəaliyyətin düzgün qurulmasına nail olmaqdır. Bu, həm də Azərbaycanda fövqəladə hallara hazırlıq, onun nəticələrinin aradan qaldırılması və yüngülləşdirilməsi, fəlakətlərdən sonra bərpa dövründə ictimai səhiyyənin idarə edilməsində tibb müəssisələrinin rəhbərlərinin bilik və təcrübəsini artırmağa imkan yaradacaq.
Təlimi giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov təbii fəlakətlərin, eləcə də digər fövqəladə hadisələrin artdığı zamanda fəlakətlərə hazırlıq, onun nəticələrinin yüngülləşdirilməsi və fəlakətlərdən sonra tələb olunan bərpa işlərinin idarə olunmasının ictimai səhiyyəni narahat edən aktual məsələlərdən biri olduğunu vurğuladı. Bu istiqamətdə ÜST-lə əməkdaşlıq sayəsində 2010-cu ildə İSİM-də “Fövqəladə hallarla bağlı ictimai səhiyyədə idarəçilik” mövzusunda PİLOT TƏLİM KURSUNUN keçirildiyi barədə məlumat verdi. Hazırkı təlimdə ÜST-nin ekspertlərinin Azərbaycanın şəraitinə uyğun olaraq, fövqəladə hallarda ictimai səhiyyənin roluna dair tövsiyələrinin nəzərdən keçiriləcəyini bildirdi.
ÜST-nin Avropa Regionu üzrə Texniki Ofisinin eksperti Ute Enderleyn indiyədək 3 belə regional kursun təşkil olunduğunu diqqətə çatdırdı. ÜST-nin Krizislər zamanı Səhiyyə Fəaliyyəti Proqramı və ÜST-nin Regional Ofislərinin bir neçə ildir ki, “Fövqəladə Hallara Hazırlıq, Krizis və Fəlakətlər zamanı İctimai Səhiyyənin İdarə Edilməsi” mövzularında təlim kurslarını təşkil etdiyindən və bu sahədə geniş təcrübə əldə etdiyindən, xüsusi tədris materiallarını işləyib hazırladığından söhbət açan U.Enderleyn əməkdaşlığa görə İSİM-ə təşəkkürünü bildirdi.
İctimai səhiyyədə ayrı-ayrı fövqəladə hallar zamanı görüləcək işlər, həyata keçiriləcək tədbirlər barədə məlumatlılığın önəmini vurğulayan ÜST-nin nümayəndəsi Samir Mehdiyev ÜST-nin Avropa Regional Ofisinin bütün Avropada bu mövzuya diqqət ayırdığını və prosesin birinci mərhələsi olan bu təlimdə tövsiyələrin nəzərə alınacağını bildirdi. Növbəti ildə prosesin ikinci hissəsində təlimlərin səhiyyə sistemində rəhbər vəzifələrdə çalışanlar üçün keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.
İştirakçılar çıxışlarında fəlakətlər zamanı ölüm və zərərçəkmə hadisələrinin ağır nəticələrinin azaldılması və yüngülləşdirilməsinə yönəldilmiş cəhd və tədbirlərdən ibarət yaxşı hazırlıq, dərhal müəyyən edilə bilən prioritet vəzifələr və koordinasiya edilən cavab tədbirləri, nəticələrə əsaslanan bərpa işləri vasitəsilə azaldıla biləcəyini nəzərə çatdırdı.
İlkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov İSİM-də “Fövqəladə hallarda reproduktiv sağlamlıq” layihəsinin hazırlandığı barədə məlumat verdi.
Daha sonra Avropada fövqəladə hallar zamanı səhiyyə sektorunun rolundan və idarəetmənin qurulmasından bəhs edilən təqdimatlar oldu. İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” Milli Kursunun məzmunu, fövqəladə hallara hazırlıq komponentləri, ÜST-nin fövqəladə hallara yanaşması, fövqəladə hallara hazırlıq məqsədilə görülən tədbirlər, kommunikasiya vasitələrindən maksimum yararlanma, Azərbaycanda “İctimai səhiyyədə fövqəladə halların idarə edilməsi” mövzusunda Milli Kursun inkişafı, mürəkkəb fövqəladə hallarda reproduktiv sağlamlıq, fəlakətlər zamanı xroniki xəstəliklərin idarə olunması və digər mövzulara həsr olunmuş çıxışlarda böhran zamanı görüləcək tədbirlərdən bəhs edildi. Məruzələrdə böhran zamanı ətraf mühitin sağlamlığının qorunmasının vacibliyi qeyd edildi.
Qruplar üzrə iş zamanı iştirakçıları maraqlandıran suallar əsasında fikir mübadiləsi aparıldı. Sonda təlimi müvəffəqiyyətlə başa vurmuş təlimçilərə sertifikatlar təqdim olundu.