11 JUNE 2012
Belçikanın Brüssel şəhərində Şərqi Avropa və Orta Asiya ölkələrində əhalinin ailə planlaşdırılmasını və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını müzakirə etmək və həmin ölkələrə tövsiyələr vermək məqsədilə 16 ölkənin yüksək səviyyəli ölkə nümayəndələrinin görüşü keçirildi
2012-ci il iyunun 4-5-də Belçikanın Brüssel şəhərində əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək məqsədilə BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə Azərbaycan, Bosniya və Herseqovina, Bolqarıstan, Ermənistan, Makedoniya, Serbiya və Qazaxıstanda həyata keçirilmiş tədqiqatda iştirak etmiş ölkə nümayəndələrinin görüşü keçirildi. Görüşdə tədqiqat nəticəsində əldə edilmiş və həmin ölkələrdə müzakirə olunmuş tövsiyələr nəzərdən keçirildi və iyunun 6-7-də Brüsseldə keçiriləcək regionun 16 ölkəsini təmsil edən yüksək səviyyəli nümayəndələrin görüşündə müzakirə edilməsi üçün yenidən redaktə olundu.
İyunun 6-7-də Brüsseldə regionun 16 ölkəsini təmsil edən yüksək səviyyəli nümayəndələrin görüşü keçirildi. Görüşdə Azərbaycan, Albaniya, Ermənistan, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Moldova, Rumıniya, Serbiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistanın səhiyyə, maliyyə, iqtisadi inkişaf, sosial təminat, eləcə də xarici işlər nazirliklərinin nazir müavinləri, şöbə müdirləri, qeyri-hökumət təşkilatları, səhiyyə sığortası fondlarının və kompaniyaların rəhbərləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Ofisinin təmsilçisi, Reproduktiv Haqlar Mərkəzinin (CRR), Reproduktiv Sağlamlıq Vasitələrinin Təchizatı Koalisiyasının (RHSC) rəhbərləri iştirak etdilər. Tədbirdə Azərbaycanı Milli Məclisin üzvü və Avropa Parlamentləri Forumunun sədri Məlahət İbrahim qızı, BMT-nin Əhali Fondunun Azərbaycandakı təmsilçisinin köməkçisi Fərid Babayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Teymur Hüseynov və Gülnarə Hacızadə təmsil etdilər.
Görüş zamanı Rumıniya, Özbəkistan, Albaniya və Azərbaycan nümayəndələrinin təqdimatları oldu. Azərbaycandan Milli Reproduktiv Sağlamlıq Ofisi tərəfindən UNFPA-nın texniki dəstəyi ilə aparılmış 2025-ci ilə qədər ailə planlaşdırılması vasitələrinin istifadəsi, abortların sayı və bunların əhalinin sağlamlığına və ölkə büdcəsinə təsirini göstərən proqnostik hesablamaların nəticələrini İSİM-in əməkdaşı Teymur Hüseynov təqdim etdi. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Həmçinin “Reproduktiv sağlamlıq vasitələrinin təhlükəsizliyinin artırılması üzrə UNFPA-nın Qlobal proqramı” tərəfindən maliyyələşdirilən tədqiqat zamanı əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasının təhlil edildiyi və müasir kontraseptiv üsullardan istifadənin aşağı səviyyədə olmasının səbəblərinin öyrənildiyi bildirildi, sorğu nəticələrinin hesabatı təqdim edildi. İştirakçılar tövsiyələri yenidən nəzərdən keçirib əlavələrini təqdim etdilər. Bu əlavələr tədqiqatın son hesabatında öz əksini tapacaq və müvafiq ölkələrə göndəriləcək.