31 MAY 2012
İSİM-də “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş tədbir keçirildi
2012-ci il mayın 31-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “31 may – Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş tədbir keçirildi. Görüşdə Milli Məclis, İSİM, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Ümumdünya Səhiyyə Təşkilatı və “İRƏLİ” İctimai Birliyinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov iştirakçıları salamlayaraq nəzərə çatdırdı ki, 1988-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının təşəbüssü ilə 31 may bütün dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. C.Məmmədov tütünün dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biri olduğunu xüsusilə vurğuladı: “Hesablamalara görə, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insan vəfat edir. Ölkədə aparılmış bir sıra tədqiqatlar isə 50%-ə qədər kişilərin siqaret çəkdiyini müəyyən edir ki, bu da vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir”. Çıxış zamanı həmçinin Azərbaycanda 2011-ci ildə ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin dəstəyi ilə İSİM tərəfindən 13-15 yaşlı məktəblilər arasında tədqiqatın keçirildiyi də bildirildi. Tədqiqatın ilkin nəticələrinə görə, şagirdlərin 10.6%-i nə vaxtsa siqaret çəkməyə cəhd edib, 6.8%-i isə son bir ay ərzində bu və ya digər tütün məmulatından istifadə edib. Bu rəqəmlər vəziyyətin artıq təhlükəli olduğunu göstərir.
Daha sonra İSİM-in baş hüquqşünası Səbuhi Abdullayev “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 5.3; 8; 9; 10; 11; 12; 13 və 14-cü maddələrinin həyata keçirilməsinin rəhbər prinsiplərinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən Azərbaycan dilinə tərcümə olunduğunu və kitab şəklində çap edildiyini diqqətə çatdırdı. Tərcümə olunmuş sənədin ilk nüsxələri tədbirdə iştirak edən Milli Məclisin millət vəkillərinə təqdim edildi.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının əhəmiyyəti barədə söz açdı. M.Quliyev çıxışında tütünlə mübarizədə görülən bir sıra tədbirlərdən danışdı, o qeyd etdi ki: “Tütünlə mübarizə hər zaman aktual bir mövzudur”.
İSİM-in Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynur Rəşidova 2012-ci ildə İSİM və 215KL studiyasının birgə əməkdaşlığı sayəsində çəkilmiş “Uşaqları tütün tüstüsündən azad mühitdə böyüdək!” adlı video-çarx haqqında məlumat verdi. A.Rəşidova video-çarxın məhz passiv tütünçəkmə ilə mübarizə, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə hazırlandığını diqqətə çatdırdı. Eləcə də passiv tütünçəkmə ilə mübarizədə kütləvi informasiya vasitələri ilə əməkdaşlığın vacibliyini önə çəkdi. Məruzənin sonunda video-çarx nümayiş olundu.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin Qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədova öz çıxışında 2012-ci ilin 31 may Ümumdünya tütünsüz gününün mövzusunun “Tütün sənayesinin müdaxiləsi” olduğunu nəzərə çatdırdı. “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərini tam yerinə yetirən ölkələrin sayı artdıqca tütün sənayesinin Konvensiyanın nüfuzuna zərbə endirmək cəhdləri daha da güclənir. 31 may kampaniyasının məqsədi cəmiyyətin diqqətini tütün sənayesinin zərərli taktikasının aşkarlanmasının vacibliyinə yönəltməkdir.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev İSİM tərəfindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyilə keçirilmiş “31 may – Ümumdünya tütünsüz günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında keçirilən fotomüsabiqə barədə məlumat verdi. Fotomüsabiqəyə peşəkar və həvəskar fotoqrafların qatıldığını bildirən T.Musayev fotoşəkillərin münsiflər heyəti tərəfindən məhz mövzunu daha dolğun əks etdirdiyinə görə seçildiyini vurğuladı. Məruzəçi müsabiqəyə təqdim olunmuş və tütünə qarşı mübarizənin zəruriliyi, tütünçəkmənin və tütün tüstüsünün təsirinin zərərləri ilə bağlı məsələlərin əks olunduğu bütün fotoşəkillərin İSİM-in Facebook səhifəsində yerləşdirildiyini və böyük maraqla qarşılandığını bildirdi.
Müsabiqədə seçilmiş fotoşəkillər nümayiş olunduqdan sonra müsabiqənin ilk 10 yerini tutmuş iştirakçılar sertifikatlarla, I, II və III-cü yerləri tutmuş qaliblər isə sertifikat və mükafatlarla təltif olundu.