12 MARCH 2012
Səhiyyə mütəxəssisləri tərtib olunmuş klinik protokolların ilkin variantına rəy bildirəcəklər
Klinik protokol hər hansı xəstəlik, sindrom, klinik vəziyyət zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən ibarət olub, müntəzəm yenilənən sənəddir. Protokol müəyyən tibbi müdaxilənin effektivliyi ilə bağlı ən etibarlı elmi məlumatlar əsasında tərtib olunur. Klinik protokollar həkimlərə seçim imkanı verir və hər hansı klinik situasiyada hərəkət etməklə bağlı istiqamətverici rol oynayır.
Protokolların hazırlanması ciddi və məsuliyyətli iş olub, ölkənin bütün elmi-tibbi potensialından istifadə edilməsini, prosesin bir mərkəzdən idarə olunmasını və dünyada qəbul edilmiş meyarlara uyğun şəkildə aparılmasını nəzərdə tutur.
Hazırda yeni klinik protokolların hazırlanması davam edir və bu prosesin daimi aparılması nəzərdə tutulur. Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokolları elektron fayl şəklində (PDF formatında) İSİM-in saytından əldə etmək mümkündür: www.isim.az/protokol.php. Bundan əlavə, səhiyyə mütəxəssisləri www.isim.az/draft-protokol.php səhifəsinə daxil olaraq, tərtib olunmuş klinik protokolların ilkin variantı ilə tanış ola bilərlər. Mütəxəssislərin [email protected] ünvanında qəbul olunacaq fikir və rəyləri nəzərə alınacaq.