15 FEBRUARY 2012
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2012-ci il fevralın 15-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə İSİM, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, Rostropoviç-Vişnevskaya Fondu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsi, «Azərbaycan Həkimlər və Təbib Tələbələr» İctimai Birliyi, AbtAssociates kimi yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Nümayəndələr təmsil etdikləri qurumların hazırkı fəaliyyəti barədə qısa məlumat verdilər. Eyni zamanda onlar növbəti aylar üçün planlaşdırılmış işlərdən söhbət açdılar.
Toplantıda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Təşkilatı metodiki şöbəsinin müdiri Eldəniz Muradov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova, SN-in Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun direktorunun müavini İsa Əliyev, BMT-nin Narkotiklər və cinayətkarlığa qarşı mübarizə idarəsinin layihə üzrə assistenti Sevil Qəmbərova və başqaları çıxış etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov ictimai səhiyyənin inkişafı istiqamətində görülən davamlı işlərdən bəhs edərək ötən aylar ərzində həyata keçirilmiş fəaliyyət barədə iştirakçılara qısa məlumat verdi. Çıxışda Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə məlumatların elektron bazaya daxil edildiyindən söhbət açıldı və artıq məlumatların təhlilinə hazırlıq işlərinin görüldüyü qeyd olundu. Direktor çap olunan qan donorluğu ilə bağlı plakat haqqında məlumat verdi və bu plakatda qeyd olunan “907” qaynar xətt nömrəsini xüsusilə vurğuladı. C.Məmmədov Səhiyyə Nazirliyi tərəfindən yekun kollegiyada 2 yeni klinik protokolun təsdiqləndiyini, digər klinik protokollar üzərində isə işlərin davam etdiyini nəzərə çatdırdı. O həmçinin bildirdi ki, “Vərəm haqqında 10 fakt” adlı buklet artıq çap olunub və hazırda göndəriləcək müəssisələrin siyahısı tərtib edilir. Məruzə zamanı C.Məmmədov qeyd etdi ki, “Diabet Məktəblərinin təşkili” layihəsi çərçivəsində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali üçün təlimlər davam edir və artıq onlar üçün nəzərdə tutulan “Çörək vahidləri” cədvəli və “Özünənəzarət gündəliyi” çap olunub.
«Azərbaycan Həkimlər və Təbib Tələbələr» İctimai Birliyinin vitse-prezidenti Ceyhun Səniyev təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, çıxış zamanı təşkilatın tarixi, əməkdaşlıq etdiyi qurumlar, gördüyü işlərdən bəhs etdi.
Sonda maraqlı suallar ətrafında fikir mübadiləsi aparıldı.