19 JANUARY 2012
İSİM-də 20 Yanvar faciəsi anıldı
20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Müstəqillik qazanmış xalqımız həmin günü heç vaxt unutmur və hər il Ümumxalq Hüzn Gününün qeyd olunması ölkəmizin bu qanlı tarixinin yaşanması üçün böyük əhəmiyyət kəsb edir.
2012-ci il yanvarın 19-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 20 yanvar faciəsi anıldı.
Faciənin 22-ci il dönümü ilə əlaqədar İSİM-in əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əklil və güllər qoydular. Tədbir iştirakçıları 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İSİM-in direktoru Ceyhun Məmmədov: “Tarixi insanlar yazır və bu faciəvi tarix bizim yaddaşımıza əbədi həkk olunub”.
Tədbirin gedişatında İSİM-in hüquqşünası Fidan Rüstəmova çıxışında xalqımıza qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi nəticəsində Azərbaycanda misli görünməmiş faciənin yaşandığını diqqətə çatdırdı.
Daha sonra İSİM-in əməkdaşı həkim Yeganə Vəliyeva böyük itkilər, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri ilə bağlı bəzi xatirələrindən danışdı.
“20 Yanvar” faciəsi Azərbaycan xalqının XX əsrdə yaşadığı ən böyük faciələrdəndir və müstəqillik qazanmış xalqımız həmin günü heç vaxt unutmur və unutmayacaq.