12 DECEMBER 2011
Türkiyənin İstanbul şəhərində əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək məqsədilə həyata keçirilmiş tədqiqatda iştirak etmiş ölkə nümayəndələrinin görüşü keçirildi
2011-ci il dekabrın 5-8-də Türkiyənin İstanbul şəhərində əhalinin ailə planlaşdırılması və reproduktiv sağlamlıq vasitələrilə təmin olunmasını təhlil etmək məqsədilə BMT-nin Əhali Fondunun Şərqi Avropa-Orta Asiya Regional Ofisinin (UNFPA EECARO) və Beynəlxalq Planlaşdırılmış Valideynlik Federasiyasının Avropa Şəbəkəsinin (IPPF-EN) birgə təşəbbüsü ilə həyata keçirilmiş tədqiqatda iştirak etmiş ölkə nümayəndələrinin görüşü keçirildi.
Görüşdə Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Qazaxıstan, Ermənistan və Bolqarıstanın yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İlkin səhiyyənin təşkili şöbəsinin həkim-metodisti Teymur Hüseynov iştirak etdi. EO IPPF-nin konsultantı və nümayandələri ilə birgə iki gün ərzində avqust-noyabr aylarında keçirilən sahə işlərinin əsas nəticələri müzakirə olundu. Müzakirə zamanı əsas problemlər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün tövsiyələr tərtib edildi.
Növbəti günlərdə UNFPA-nın nümayəndələrinin təqdimatları dinlənildi, tövsiyələrin müzakirəsi aparıldı.
Yaxın vaxtlarda sahə işlərinin və görüşlərin nəticələri hesabatda öz əksini tapacaq. Hesabat 2012-ci ildə ölkələrdə müasir kontraseptiv vasitələrin təminatı ilə bağlı vəziyyətin yaxşılaşdırılması məqsədilə ailə planlaşdırılması üzrə müvafiq proqramların, strategiyaların UNFPA tərəfindən tərtib edilməsində istifadə olunacaq.