İSİM-də “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində 2011-ci ilin fevral-iyun aylarında aparılmış fəaliyyətin nəticələrinin təhlili üzrə Dəyirmi Masa keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

22 SEPTEMBER 2011

İSİM-də “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində 2011-ci ilin fevral-iyun aylarında aparılmış fəaliyyətin nəticələrinin təhlili üzrə Dəyirmi Masa keçirildi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı ilə 2011-ci ilin fevralında “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin məqsədi neonatal və doğum xidmətləri sahəsində keyfiyyətin yaxşılaşdırılması üçün dəstəkləyici monitorinq təşəbbüsünün pilot qaydada sınaqdan keçirilməsidir. Bu layihə müvafiq işçiləri təlimatlandırmaqla, onlar üçün aydın qaydada müəyyənləşdirilmiş öhdəlikləri təyin etməklə və təlimatlandırılmış nəzarətçiləri lazımi monitorinq vasitələri ilə təmin etməklə keyfiyyətin cari monitorinq sistemi çərçivəsində dəstəkləyici nəzarət yanaşmasını tətbiq etməyi təklif edir. Layihə nəticəsində seçilmiş səhiyyə mərkəzlərinin aparıcı işçi heyəti perinatal qayğı keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkləyici nəzarət üzrə təlimatlandırılır.

2011-ci il sentyabrın 22-də İSİM-də “Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyətinin mövcud monitorinq sisteminə dəstəkləyici nəzarət prinsiplərini inteqrasiya etməklə neonatal qayğı və doğum xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində 2011-ci ilin fevral-iyun aylarında aparılmış fəaliyyətin nəticələrinin təhlili üzrə Dəyirmi Masa keçirildi. Toplantıda Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə İdarəsi, BMT-nin Uşaq Fondu, İSİM, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzi, Səhiyyə Nazirliyinin akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, AbtAssociates, bir sıra Qadın məsləhətxanaları və Doğum evlərini təmsil edən nümayəndələr iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov layihənin önəmini vurğuladı. C.Məmmədov həmçinin Azərbaycan hökumətinin ana və körpə sağlamlığına, o cümlədən ana və körpə sağlamlığı xidmətlərinin keyfiyyətinin dayanıqlı qaydada yaxşılaşdırılmasına prioritet məsələ olaraq xüsusi diqqət yetirdiyini nəzərə çatdırdı. Eləcə də İSİM tərəfindən hazırlanmış klinik protokolların mütəmadi qaydada əhaliyə göstərilən tibbi yardımın monitorinq edilməsi üçün istifadə edildiyini də bildirdi.

Layihənin koordinatoru Lütfi Qafarov “Dəstəkləyici nəzarət. Əsas prinsiplər.” mövzusunda çıxış etdi. Mövcud monitorinq sistemindən fərqli olaraq, dəstəkləyici nəzarətin tibbi xidmət keyfiyyətinin dayanıqlı qaydada yaxşılaşdırmaq üçün istifadə olunan yanaşma olduğunu vurğulayan L.Qafarov bu nəzarətin əsas məqsədini də qeyd etdi. Məruzədə dəstəkləyici prinsip əsasında səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün hazırlanmış və effektivliyi nümayiş etdirilmiş müxtəlif nəzarət prosesləri və təlimatlar sadalandı. Eyni zamanda dəstəkləyici nəzarətin prinsipləri, önəmli aspektləri, nəzarətin həyata keçirilməsi üçün mövcud üsul və alətlər haqqında söhbət açıldı. Çıxışda dəstəkləyici nəzarətin keyfiyyətin yaxşılaşdırılmasında rolundan bəhs edildi. Təqdimatın sonunda dəstəkləyici nəzarətin icrasından gözlənilən nəticələr barədə məlumat verildi.

Layihə üzrə 5 aylıq fəaliyyətlə bağlı hesabat haqqında İSİM-in əməkdaşı, səhiyyə üzrə analitik Teymur Hüseynov təqdimat etdi. Dəstəkləyici nəzarət, doğuşayardım və neonatal xidmətlərin davamlı yaxşılaşdırılması layihəsinin 5 ay ərzində icrası zamanı problemlərin aşkarlanması, səbəblərin araşdırılması və həlli yollarının müəyyənləşdirilməsi üçün seçilmiş alətlərin effektivliyindən söhbət açan T.Hüseynov layihənin gedişində nail olunmuş keyfiyyət göstəricilərindən bəhs etdi.

Eyni zamanda problemlərin həll edilməsində obyektiv və subyektiv çətinliklərin olduğunu qeyd edən səhiyyə üzrə analitik mövcud problemlərin həlli və xidmətlərin keyfiyyətinin artırılması üçün müəssisə rəhbərlərinin daha çox səy göstərmələrinin, işçilərin təkmilləşdirilməsi məqsədilə alternativ yolların axtarılmasının zəruriliyini vurğuladı. Müəssisənin daxilində daimi nəzarətin gücləndirilməsinin də əsas vəzifələrdən biri olduğu nəzərə çatdırıldı.

Sonda layihə ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.