8 AUGUST 2011
“Diabet Məktəblərinin təşkili” layihəsinə start verildi
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı”nın icrası üçün Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanması və tətbiqi, xəstəliyin profilaktikasına dair populyar ədəbiyyatın, bukletlərin, vərəqələrin (lefletlərin), plakatların çap edilməsi, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Beynəlxalq Diabet Federasiyası dünyanın bütün ölkələrinin diabet cəmiyyətlərinə müraciət edərək, şəkərli diabetin qarşısının alınmasında əhalinin təlimatlandırılmasının və maarifləndirilməsinin prioritet hal kimi qəbul edilməsini təkidlə tövsiyə edir. Bu məqsədlə Azərbaycan Diabet Cəmiyyəti Dünya Diabet Fonduna respublikanın şəhər və rayonlarında “Diabet Məktəblərinin təşkili” barədə layihə ilə müraciət edib. Müraciətdən sonra Fondun tələblərinə uyğun olaraq, layihənin reallaşdırılmasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilati dəstəyi məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin də yaxından iştirakı nəzərdə tutulub. Beləliklə, həmin layihə 2011-ci ilin yanvarında Fond tərəfindən təsdiq olunub.
Layihənin məqsədi respublikanın şəhər və rayonlarında təlim məktəbləri yaratmaqla, ilkin səhiyyə xidməti göstərən tibb işçiləri, şəkərli diabet xəstələri, risk qrupuna aid əhali arasında bu xəstəlik və onun fəsadlarının profilaktikası barədə bilik, bacarıq, müəyyən vərdişlərin artırılmasına nail olmaqdır.
2011-ci il avqustun 8-dən başlayaraq, 2 həftə ərzində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş diabet məktəblərinin təlimçiləri üçün təlimlər keçirilir və rayonlarda təşkil olunacaq diabet məktəblərinə, onların davamlı fəaliyyəti üçün təşkilati-metodik köməklik göstərilir. Bu da gələcəkdə dövlət proqramında respublikada yaradılması nəzərdə tutulan təlim məktəbləri üçün model kimi götürüləcək və bu məktəbləri təlim materialları, vasitələri ilə təmin edəcək. Təlimlər Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Endokrinoloji Elmi Mərkəzinin şöbə müdiri tibb elmləri doktoru Aleksandr Mayorov tərəfindən aparılır. Keçirilən təlimlərdə şəkərli diabetlə bağlı həkim-endokrinoloqların və tibb bacılarının maarifləndirilməsi nəzərdə tutulur. Bunun üçün buklet, kitabça, poster, təlim materialları paketi, risk qrupuna aid əhali və xəstələr üçün məlumat paketi hazırlanacaq.
Layihə çərçivəsində Bakıda və respublikanın rayonlarında (Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Şəki, Şirvan) lazımi avadanlıqlarla təchiz edilmiş 7 diabet məktəbinin təşkili, həmin məktəblərin proqramlar, metodiki vəsaitlər və ədəbiyyatlarla təminatı planlaşdırılır.
Layihədə nəzərdə tutulmuş Lənkəran, Sumqayıt şəhərlərində şəkərli diabet xəstələri və risk qrupuna aid əhali arasında bu xəstəliyə dair məlumatlılığın vəziyyətinin ilkin qiymətləndirilməsi məqsədilə sorğu vərəqələri hazırlanıb və 1000 respondent arasında sorğu aparılıb. Sorğunun nəticələri təhlil edilib, fəaliyyət planı tərtib edilib.
Sorğunun nəticələrinə görə, həm şəkərli diabeti olan insanların, həm də risk qrupuna daxil olan əhalinin bu sahədə biliklərinin artırılması məqsədəuyğun hesab edilib. Belə ki, sağlam həyat tərzi vərdişləri şəkərli diabetin və onun fəsadlarının profilaktikasının təməlini təşkil edir.
Təlimdə iştirak etmiş həkim-endokrinoloqlar və tibb bacıları təlimdən sonra qeyd edilən regionlarda yaradılmış diabet məktəblərində ilkin səhiyyə xidməti göstərən tibb işçilərinə, diabetli xəstələrə və risk qrupuna aid əhaliyə sağlam həyat tərzini təşviq etməklə, diabetli xəstələrin bu xəstəliklə bağlı biliklərinin artırılması, bu bilik və davranışlara nail olmaqla, özünənəzarətin gücləndirilməsi məqsədilə təlimlər keçəcəklər.