1 AUGUST 2011
Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işlərinə başlanıldı
2011-ci ildə Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS-2011) Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səhiyyə Nazirliyinin 8 sentyabr 2010-cu il tarixli 70 nömrəli əmri ilə DSS-2011-in keçirilməsi məqsədilə tədbirlərin əlaqələndirilməsi və icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib.
2011-ci il avqustun 1-dən etibarən Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu üzrə sahə işlərinə başlanıldı. Səyyar sorğu işlərinin oktyabra kimi aparılması nəzərdə tutulur. Sorğunun nəticələri səhiyyədə, təhsildə və demoqrafik siyasətdə rast gəlinən problemlərin həlli üçün əhəmiyyətlidir.
Tədqiqat çərçivəsində seçilmiş ev təsərrüfatlarının xarakteristikası, sosial-iqtisadi göstəricilər, antropometrik göstəricilər, təhsil səviyyəsi və s. ilə bağlı məlumatlar toplanılacaq. Eyni zamanda körpə və 5 yaşadək uşaq ölümü, uşaqların sağlamlığı, ana sağlamlığı, gender münasibətləri və qadınların ailədə səlahiyyətləri mövzuları araşdırılacaq. Fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti, ailə planlaşdırılması, qidalanma, yetkinlik yaşına çatanların sağlamlığı, QİÇS, cinsi yolla keçən xəstəliklərlə (bilik, münasibət və davranış) bağlı suallar da veriləcək.
Demoqrafiya və Sağlamlıq Sorğusu Bakı, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ və Dağlıq Şirvan iqtisadi regionlarını əhatə edir. Seçmə 2009-cu ildə Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıyaalınması əsasında Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilib. Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 klaster, onların hər birində isə təsadüfi üsulla 24 ev təsərrüfatı seçilib.
Sorğu alətlərinə Ev təsərrüfatının Sorğu Vərəqəsi və 15-49 yaşlı Qadınların Sorğu Vərəqəsi daxildir.
Azərbaycanda ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən “Macro International İnc.” tədqiqatların aparılması üzrə beynəlxalq təşkilatla birgə keçirilib. 2011-ci ildə Azərbaycanda keçirilən DSS 2006-cı ildə istifadə olunmuş metodologiyaya əsaslanır. Bu da keçmiş rəqəmlərlə müqayisənin aparılmasına zəmin yaradır.