6 JUNE 2011
İSİM-də Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı (MCHIP) üzrətərəfdaşların görüşü keçirildi
Ana və uşaq sağlamlığının inteqrasiyası proqramının mahiyyətində yüksək dərəcədə sübutlu materialların ana və uşaq sağlamlığına müdaxiləsinin seçimi, bunun vasitəsilə ana və uşaq ölümünün səviyyəsinin azaldılması, nəticədə minilliyin inkişaf məqsədlərinə nail olmaq dayanır.
2011-ci il iyunun 3-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı (MCHIP) üzrə tərəfdaşların görüşü keçirildi. Tədbirdə Səhiyyə Nazirliyi, İSİM, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Dövlət Tibb Universiteti, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Perinatal Mərkəzinin məsul işçiləri iştirak etdilər.
Görüşdə məqsəd ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Save the Children” (“Uşaqların Xilası təşkilatı”) tərəfindən həyata keçirilən Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı haqqında tərəfdaş təşkilatları daha geniş məlumatlandırmaq və bu istiqamətdə fikir mübadiləsi aparmaq idi.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov klinik protokollar üzrə tədris video-çarxlarının çəkilməsi işinin İSİM-in yaxın gələcəkdə diqqət edəcəyi vəzifələrdən biri olacağını vurğuladı. Nümunə kimi, ÜST və İSİM-in əməkdaşlığı sayəsində gerçəkləşən “Tibb kolleci üçün metodiki vəsaitlərin hazırlanması” layihəsi çərçivəsində hazırlanmış 2 hissəli tədris video-çarxı nümayiş etdirildi.
Ana və uşaq sağlamlığının inteqrasiyası proqramı haqqında söhbət açan proqramın koordinatoru Ayla Ələsgərova qarşıdan gələn 10 ay ərzində “Sağlam yenidoğulmuşlara qulluq” və “Yenidoğulmuşların ilkin reanimasiyası” üzrə klinik protokolların tətbiqinə yardım məqsədilə işlərin görüləcəyini qeyd etdi. Proqramın məqsədləri barədə məruzə edən koordinator planda “Sağlam yenidoğulmuşlara qulluq” və “Yenidoğulmuşların ilkin reanimasiyası” klinik protokolları üzrə əlavə təlim vəsaitlərinin (2 video-filmin hazırlanması) yaradılmasının nəzərdə tutulduğunu bildirdi. Belə ki, bu klinik protokollara əsaslanaraq, doğuşa yardım edən peşəkarlar üçün bacarıq-əsaslı təlim-tədris materialları tərtib ediləcək. Eyni zamanda mama-ginekoloqlar, neonatoloqlar, tibb bacıları üçün təlim-tədris paketlərini doğuşa yardım edən peşələrin tədris proqramına daxil ediləcəyi də diqqət mərkəzindədir. 2011-ci ilin dekabrında Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinə həmin təlim paketinin təqdim edilməsinin də planlaşdırıldığını vurğulayan A.Ələsgərova proqrama təlimçilərin hazırlanmasının da daxil edildiyini iştirakçıların diqqətinə çatdırdı.
Sonda tərəfdaşların rolları haqqında fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi.