14 JUNE 2011
İSİM-də Ümumdünya Qan Donoru Gününə həsr olunmuş dəyirmi masa təşkil olundu
2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasında hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi keçirilməsi qərara alınıb. Beynəlxalq Qan Donoru Gününün qeyd edilməsinin məqsədi bir daha könüllü qan donorlarına hörmət və ehtiramı nümayiş etdirmək, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyəti vurğulamaq, donorluğa yeni insanları cəlb etməkdir.
2011-ci il iyunun 14-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ümumdünya Qan Donoru Gününə həsr olunmuş dəyirmi masa təşkil olundu. Toplantıda müxtəlif dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların, ictimai birliklərin nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov bütün dünyada qeyd olunan Ümumdünya Qan Donoru Gününün Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəkləndiyini vurğuladı: “Bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir.”
Ölkəmizdə yayılmış hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olmasının vacibliyini və bunun donor qanına tələbatı artırdığını qeyd edən direktor dövlətin bu istiqamətdəki fəaliyyətindən də bəhs etdi. Belə ki, Səhiyyə Nazirliyinin “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi” və “Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi” barədə əmrləri donor qanına tələbatın ödənilməsinə yönəldilib.
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev “Azərbaycanda qan xidmətinin vəziyyəti: dünən, bu gün, sabah” mövzusunda təqdimatla çıxış etdi. Məruzədə qan donorluğunun inkişaf mərhələləri barədə geniş məlumat verildi, respublikamızda qan xidmətinin inkişafı haqqında danışdı. A.Hacıyev həmçinin ildən-ilə qan donorlarının sayının artdığının təqdirəlayiq hal olduğunu diqqətə çatdırdı.
“İctimai səhiyyə və donorluq” mövzusunda məruzə edən İSİM-in İlkin Səhiyyənin Təşkili şöbəsinin əməkdaşı Teymur Hüseynov ictimai səhiyyənin əsas məqsədlərindən biri kimi, qan donorluğu barədə əhalinin düzgün məlumatlandırılması yönündə ictimai səhiyyənin fəaliyyət prinsiplərindən söhbət açdı. Həmçinin donorluğun inkişafı üçün tək Səhiyyə Nazirliyinin deyil, müxtəlif hökumət və qeyri-hökumət qurumlarının, görkəmli xadimlərin, kütləvi informasiya vasitələrinin də iştirakının zəruriliyini vurğuladı.
İSİM-in Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Səadət Hənifəyeva “Könüllü və Təmənnasız Qan Donorluğunda Kommunikasiya Strategiyasının Komponentləri” mövzusu üzrə təqdimat etdi. Məruzəçi təmənnasız könüllü donorluğun inkişafı üçün səhiyyə kommunikasiyasının rolu haqqında məlumat verdi. Çıxışda əhalinin məlumatlandırılması istiqamətində səhiyyə kommunikasiyasının prioritet vəzifəsi kimi, informasiya materiallarının hazırlanması, ünsiyyət strategiyalarının qurulması, KİV və ictimaiyyətlə əlaqələrin yaradılması yönündə atılan addımlardan söhbət açıldı. Təqdimatın sonunda İSİM tərəfindən hazırlanmış qan donorluğu ilə bağlı plakatların nümayişi və müzakirəsi oldu.
“Qan donorluğu sahəsində fəaliyyət” mövzusunda təqdimatla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və qayğı” şöbəsinin müdiri Mətanət Qaraxanova çıxış etdi. Təqdimatda Cəmiyyətin könüllü və təmənnasız qan donorluğuna cəlb edilmə istiqamətində təşkil etdiyi qanvermə aksiyalarından, həmçinin əhalinin maarifləndirmə tədbirlərindən bəhs edildi.
Təqdimatlardan sonra fikir mübadiləsi aparıldı. Təkliflər və rəylər dinlənildi. Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən könüllü və təmənnasız qan donorlarına təşəkkürnamə təqdim edildi.