22 DECEMBER 2010
İSİM-də “Poliomielitin ləğv edilməsi və poliomielitdən azad statusun saxlanılması” mövzusunda Milli Konfrans keçirildi
2010-cu il dekabrın 21-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Poliomielitin ləğv edilməsi və poliomielitdən azad statusun saxlanılması” mövzusunda Milli Konfrans keçirildi. Konfrans Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) ilə İSİM-in təşkilatçılığı əsasında baş tutub. Görüşdə tibb müəssisələrinin pediatrları, nevroloqları və epidemioloqları iştirak ediblər.
Tədbirə sədrlik edən Səhiyyə Nazirliyinin Kubra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı prof. Nəsib Quliyev görüşün məramını açıqladı. Poliomielit kimi ağır yoluxucu xəstəliyin 15-20 il bundan əvvələ kimi, Azərbaycanda geniş yayıldığını vurğulayan N.Quliyev Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlər nəticəsində bu xəstəliyə yoluxanların sayının sıfıra endirildiyini bildirdi. 2002-ci ildə ÜST-ün Azərbaycana “Poliomielitdən azad ölkə” statusunu verdiyini qeyd edən N.Quliyev 2005-ci ildən başlayaraq, qızılca və məxmərək əleyhinə də tədbirlərin genişləndiyini diqqətə çatdırdı.
ÜST-ün Azərbaycandakı ölkə ofisinin Yoluxucu xəstəliklər üzrə Milli proqram mütəxəssisi Vüsalə Allahverdiyeva “Vəhşi Poliomielit Virusunun yayılmasında, Kəskin Süst İflici (KSİ) üzərində epidemioloji nəzarətin təşkilində qlobal və regional səviyyələrdə mövcud vəziyyət”, o cümlədən “Regional Sertifikasiya Komissiyasının Tövsiyələri” mövzularında çıxış etdi. Poliomielitin eradikasiyasından bəhs edən mütəxəssis vəhşi polio virusların yayılması coğrafiyası, ÜST-ün Avropa Regionunda poliomielit alovlanmasına cavab-immunlaşdırma tədbirləri, xəstələrin müalicəsi istiqamətində atılmış addımlarla bağlı məruzə etdi.
Daha sonra 5№-li uşaq xəstəxanasının Poliomielit şöbəsinin müdiri Şəhla Muxtarova “2006-2010-cu illər üzrə KSİ kliniki hadisələrinin təhlili” mövzusunda təqdimat etdi. Çıxışda KSİ hadisəsinin kliniki təyini, KSİ-in simptomlar üzrə təhlili, təhlilin nəticələri, təkliflər diqqətə çatdırıldı.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Rəna Yusifli “2006-2010-cu illər üzrə KSİ üzərində epidemioloji nəzarətin təhlili”ndən söhbət açdı. Məruzədə Azərbaycanda KSİ hadisələrinin coğrafi paylanması, yaşlar üzrə strukturu, epidemioloji nəzarət, təhlilin nəticələri, təkliflər barədə maraqlı məqamlara toxunuldu.
“2006-2010-cu illər üzrə ətraf mühit, sağlam əhali və KSİ hadisələri üzərində laborator nəzarət” təqdimatı ilə Respublika Taun Əleyhinə Stansiyanın virusoloji laboratoriyasının əməkdaşı Elmira Nəsirova çıxış etdi. Çıxışda sağlam əhalinin etioloji strukturu, virusoloji araşdırmanın nəticələri, enterovirus infeksiyalarının ölkə üzrə yayılma coğrafiyası barədə məlumat verildi.
Respublika GEM-in əməkdaşı Afaq Əliyeva “2006-2010-cu illər üzrə poliomielitə qarşı peyvəndlə əhatənin təhlili” mövzusunda məruzə etdi. Respublikada poliomielitə qarşı milli səviyyədə immunlaşdırmadan, immunlaşdırma sahəsində mövcud maneələrdən, təkliflərdən söhbət açıldı.
Respublika GEM-in əməkdaşı Emin Babayev 2011-ci ildə poliomielitə qarşı əlavə immunlaşdırma tədbirlərindən bəhs etdi. Sərhəd rayonlarında 6 yaşadək uşaqlar arasında aparılan hesablamalar əsasında tədbirlər planının hazırlandığını bildirən E.Babayev görüləcək işlərdən danışdı. Həmçinin 2011-ci ilin aprel-mayında respublika səviyyəsində 1-6 yaşda olan uşaqların peyvənd olunacağını diqqətə çatdırdı.
“2011-2013-cü illərdə poliomielitdən azad statusun saxlanılması üzrə Milli Plan”la iştirakçıları Milli Sertifikasiya Komissiyasının əməkdaşı Şeyda Şıxəliyeva tanış etdi. Plan əsasında görüləcək tədbirlər sadalandı. Buraya planlı peyvəndlə əhatə, KSİ üzərində epidemioloji və laborator nəzarət, sanitar maarif işi, koordinasiya daxildir.
Konteymen üzərində Milli nəzarət Komitəsinin sədri Fəxrəndə Sadıqova konfransın yekun tövsiyələrini nəzərə çatdırdı: “1996-cı ildə Azərbaycanda son poliomielit hadisəsi qeydə alınıb. 2002-ci ildə isə ÜST Azərbaycana “Poliomielitdən azad ölkə” statusunun sertifikasiyasını təqdim edib. İndi bu statusun möhkəmləndirilməsi vacibdir. Bunun üçün də poliomielitlə, o cümlədən digər xəstəliklərlə mübarizəmizi davam etdirməliyik.”
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.