12 JANUARY 2011
İSİM-də növbəti təşkilatlararası iclas keçirildi
2011-ci il yanvarın 12-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) növbəti Təşkilatlararası iclas keçirildi. Görüşdə Səhiyyə Nazirliyi, Azərbaycanın Qızıl Aypara Cəmiyyəti (Az.QAC), Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ATU, Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu, İSİM, “Save the Children”, Rostropoviç-Vişnevskaya Fondu, USAİD, AbtAssociates və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov görüşün məqsəd və vəzifələrindən danışdı. Ötən ay ərzində həyata keçirilmiş layihələr barədə iştirakçılara qısa məlumat verən direktor ictimai səhiyyənin inkişafı naminə görüləcək işlərdən bəhs etdi. Həmçinin son vaxtlar İSİM-in ictimai səhiyyə sahəsində tədqiqatları genişləndirdiyini bildirdi. Direktor 2010-cu ilin sonunda Azərbaycan Respublikasında 2011-ci ildə Demoqrafiya və Sağlamlıq Sorğusunun həyata keçirilməsi üzrə yaradılmış işçi qrupun üçüncü görüşünün İSİM-də keçirildiyini də bildirdi.
Yerli və beynəlxalq təşkilatların nümayəndələrinin təqdimatından sonra iştirakçılar təmsil etdikləri qurumların hazırki fəaliyyəti barədə qısa məlumat verdilər. Həmçinin növbəti ay üçün planlaşdırılmış işlərdən söhbət açdılar.
Qısa aylıq hesabatlardan və təqdimatdan ibarət iclasda iştirakçılara İSİM-də hazırlanmış “İnsan alverinə qarşı birgə mübarizə aparaq!” adlı buklet paylanıldı.
Daha sonra “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin hazırki və gələcək fəaliyyətinə dair təşkilatın əməkdaşı Oqtay Məmmədovun təqdimatı oldu. Çıxışda “Təmiz Şəhər” ASC tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verildi. Məruzə əsnasında “Təmiz Şəhər” ASC-nin təsis olunması və vəzifələrindən, Balaxanı poliqonunda görülmüş işlərdən, tullantıların yandırılması zavodundan söhbət açıldı. “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi” layihəsinin əsas komponentlərindən bəhs edən O.Məmmədov “Ekologiya ili” çərçivəsində görülmüş işlərdən də danışdı. İştirakçılar həmçinin İçəri şəhərdə tullantıların çeşidlənməsi işinin təşkili, o cümlədən Qala qəsəbəsində tullantıların müasir idarəçiliyi, çeşidləmə xəttinin əsas faydaları, tullantıları yükləmə-boşaltma məntəqələri, yuma və dezinfeksiya məntəqəsi, Kyoto Protokolu: Karbon Kredit Layihələri ilə bağlı məlumatlandırıldılar.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı.
Növbəti Təşkilatlararası iclas fevralın 16-da olacaq.