İSİM-də “Tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkverici rəhbərlik yanaşması” üzrə təlimçilər üçün təlim kursu keçirilir | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

27 AUGUST 2010

İSİM-də “Tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkverici rəhbərlik yanaşması” üzrə təlimçilər üçün təlim kursu keçirilir

Dəstəkverici rəhbərlik yanaşması EngenderHealth təşkilatının keyfiyyətin yaxşılaşdırılması paketinə daxildir. Bu yanaşmanın Azərbaycanda tətbiqinə Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi (RS/AP) tərəfindən 2008-ci ildən başlanmışdır. İndiyə kimi 47 hədəf tibb müəssisəsində çalışan 90 rəhbər işçi Dəstəkverici rəhbərlik yanaşması üzrə təlimlənmişdir. 2009-cu il fevralın 17-18-də Səhiyyə Nazirliyi və Layihə tərəfindən təşkil edilmiş Azərbaycanda Reproduktiv Sağlamlıq Xidmətlərinin Keyfiyyətinin Yaxşılaşdırılması üzrə Milli Konfransda Dəstəkverici rəhbərlik yanaşmasının, COPE alətinin və klinik protokolların milli, rayon və müəssisə səviyyəsində gündəlik praktikaya daxil edilməsinin xidmət keyfiyyətinin inkişaf etdirilməsində və Azərbaycan xalqının sağlamlığının yaxşılaşdırılmasında əhəmiyyəti xüsusi vurğulanmışdır.

2010-cu il avqustun 19-20, 23-27-də İctimai Səhiyyə və İslahatlar Mərkəzində Səhiyyə Nazirliyi və USAİD-in birgə həyata keçirdiyi Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi çərçivəsində “Tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün dəstəkverici rəhbərlik yanaşması” üzrə təlimçilər üçün təlim kursu keçirilir. Təlimin keçirilməsində məqsəd tibbi xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün Dəstəkverici rəhbərlik yanaşmasını tibb müəssisələrinin rəhbər işçilərinə təqdim edəcək və bu yanaşmanın təlimlənmiş rəhbərlər tərəfindən həyata keçirilməsini monitorinq edəcək təlimçiləri hazırlamaqdır.

Təlim kursunu aparan Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq və yeniyetmələrin Gigiyenası kafedrasının assistenti Şəhla Balayeva təlimin məqsəd və vəzifələri, təlimdən gözlənilənlər, təşkilati məsələlər, təlimin qaydaları barədə məlumat verdi. Kursun gündəliyi ilə tanış olan təlim iştirakçıları ilkin testləri həll etdilər. Təsviri elementlərdən də istifadə edən təlimçi təqdimata rəy vermə və qəbul bacarıqlarını, liderlik növlərini, dəstəkverici rəhbərin baxış və inamının formalaşdırılması üsullarını, dəyərləndirmə və motivasiya, fasilitatorluq və ünsiyyət bacarıqlarını izah etdi. İştirakçılar həmçinin kliniki müayinə, müalicə və əməliyyatların təhlükəsizliyinin təmini üçün Tibbi Monitorinqə Giriş, rəhbərlik gedişləri, tibbi monitorinq alətlərindən istifadənin üsullarını öyrəndilər. EngenderHealth təşkilatının keyfiyyətin yaxşılaşdırılması üzrə yanaşma və alətlər haqqında məlumatlandırılan iştirakçıların suallarını təlimçi cavablandırdı.

İştirakçılar müxtəlif mövzular üzrə təlimin praktik hissəsində çıxış etdilər. Belə ki, iştirakçıların təqdimatında dəstəkverici rəhbər komanda yaradıldı, mentorluq və təlimatlandırma, konstruktiv rəy vermə bacarıqları nümayiş olundu. Eləcə də “İşçilərin məlumatların toplanması, təhlili və onlara əsaslanaraq qərarın qəbul edilməsi prosesinə cəlb olunmalarında rəhbərlərin rolu”, “Keyfiyyətli xidmət üçün səhiyyədəki sistemlərin və səhiyyədən kənardakı sektorların dəstəyi” mövzularında da məruzələr oldu. Təqdimat edən hər bir iştirakçı öz çıxışını qiymətləndirdi, digər iştirakçılar isə rəy verdilər.

Rəhbərlik gedişini müəyyənləşdirilmiş tibb müəssisələrində təcrübədən keçirən təlim iştirakçıları rəhbərlik gedişi üzrə hesabat və fəaliyyət planını hazırladılar. Həmçinin dəstəkverici rəhbərlik üzrə təlimatlandırılmış tibb müəssisələri rəhbərlərinə nəzarət və monitorinq gedişlərini həyata keçirdilər. Daha sonra Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi tərəfindən keyfiyyətin yaxşılaşdırılması üzrə yanaşma və alətləri hədəf icmalarda tətbiq etdilər. COPE və Dəstəkverici Rəhbərlik tətbiq olunmuş hədəf tibb müəssisələri rəhbərlərinin iştirakı ilə müzakirə maraqlı keçdi.

Əldə edilmiş bilik və bacarıqların tətbiqi üzrə fərdi fəaliyyət planlarını tərtib edən təlim iştirakçıları son testləri həll edirlər. Təlim bu gün başa çatır.