16 AUGUST 2010
İSİM-də Tibb işçilərinin registrinin təkmilləşdirilməsi ilə bağlı kadrlar üzrə mütəxəssislər üçün təlimlər keçirilir
2010-cu il avqustun 4-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Səhiyyə Nazirliyinin təşəbbüsü ilə, Dünya Bankının maliyyələşdirdiyi Tibb işçilərinin registrinin təkmilləşdirilməsi ilə bağlı kadrlar üzrə müəxəssislər üçün təlimlər keçirilir. Təlimlərin keçirilməsində məqsəd xüsusən ştat cədvəli ilə bağlı əlavələr və yeniliklərlə tibb müəssisələrinin kadrlar üzrə mütəxəssislərini tanış etməkdir. Bu, həyata keçiriləcək sertifikatlaşdırma prosesinin daha effektiv aparılmasını təmin edir. Avqustun 20-nə kimi davam edəcək təlimlərdə respublikanın bütün tibb müəssisələrinin kadrlar üzrə mütəxəssislərinin iştirakı nəzərdə tutulur.
Tibb işçilərinin registrində yaranan çətinliklər, işçilər haqqında tam məlumatların ştat cədvəlinə daxil edilməməsi, bəzi işçilərlə bağlı ümumiyyətlə informasiyanın verilməməsi kimi problemlərin aradan qaldırılması üçün kadrlar üzrə mütəxəssislərin məlumatlandırılması baxımından belə təlimlərin keçirilməsi əhəmiyyətlidir. Bu, tibb müəssisələrində çalışan işçilər barədə informasiyanın dəqiqliyinə və dolğunluğuna nail olmaq üçün də vacibdir.
Təlimatların elektron variantda təqdimatı ilə yanaşı, tədbir iştirakçılarına disk və yazı materialı şəklində nümunələr də paylanılır. Təlimçilər ümumi ştat cədvəlinin tərtib olunması, işə qəbul və işdən azad edərkən ştat cədvəlinə ediləcək düzəlişlərlə bağlı izahın davamı kimi, iştirakçılara qısa tapşırıqlar da verir. Həmçinin işçini sosial məzuniyyətə çıxararkən və işə qaytararkən, yeni işçini sosial məzuniyyətdə olan şəxsin yerinə daxil edərkən və işdən azad edərkən ştat cədvəlində tətbiq olunacaq dəyişikliklər barədə də təlim iştirakçıları məlumatlandırılır. Həmçinin, vakant yerlər barədə elanların verilmə tarixinin düzgün müəyyənləşdirilməsilə bağlı təlimatlanan iştirakçıların bu istiqamətdə qarşılaşdıqları çətinliklər müzakirə edilir.
Öyrənilənlərin praktik olaraq qısa tapşırıqlarda tətbiqi zamanı kadrlar üzrə mütəxəssislərin registrlə bağlı yaranmış sualları cavablandırılır. Suallar ətrafında müzakirələr aparılır. Sonda isə tibb işçisinin şəxsi vərəqəsinin çap edilməsi qaydası iştirakçılara izah edilir.