9 AUGUST 2010
Büdcə Təşkilatları üçün Milli Mühasibat hesabatı Standartları üzrə tədris kursu keçirilir
2010-cu il avqustun 2-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində ABŞ-ın biznes araşdırması və konsaltinq şirkəti olan “Abt Associates”-in və Dünya Bankının maliyyələşdirdiyi Büdcə Təşkilatları üçün Milli Mühasibat hesabatı Standartları üzrə tədris kursu keçirilir. Tibb müəssisələrinin baş mühasibləri üçün nəzərdə tutulmuş kursu İnfosystem-Link və Azərikonsaltinqservis-in təlimçisi Sevil Babayeva aparır. Kursun keçirilməsində məqsəd tibb müəssisələrində çalışan baş mühasiblərin peşə səmərəliliyini yaxşılaşdırmaq üçün biliklərin artırılmasıdır.
Təlim silsilə xarakter daşıyır. Hər müəyyənləşdirilmiş qrup üçün 3 günlük təlim keçirilir. Tədbir artıq 3 qrupu əhatə edib.
İştirakçılar ilk olaraq tədris kursunun proqramı ilə tanış olurlar. Kursun birinci hissəsində Büdcə Təşkilatları üçün Milli Mühasibat hesabatı Standartları ilə bağlı ümumi anlayışlar, ikinci hissəsində isə “Günəş” mühasibat hesabatı proqramının əsasları haqqında məlumat verilir.
Təlim zamanı Milli Mühasibat hesabatı Standartlarının ayrı-ayrılıqda müqayisəli təhlili müzakirəyə səbəb oldu. Xüsusən elektron formada, əyani olaraq, borclara edilən xərclər, daşınmaz əmlaka qoyulan investisiyalar, birja və qeyri-birja əməliyyatları üzrə gəlirlər, tikinti müqavilələri, maliyyə hesabatının əsas elementləri, eləcə də birgə müəssisələrdə iştirak paylarının izahlı təqdimatını iştirakçılar maraqla qarşıladılar.
Öz iş təcrübələrindən nümunələr gətirən baş mühasiblər əmək prosesində rast gəldikləri çətinliklərdən, həmçinin yeni texnologiyaların tətbiqi nəticəsində əldə etdikləri müsbət dəyişikliklərdən söhbət açdılar.
“Günəş” mühasibat hesabatı proqramı çərçivəsində isə analitik hesabların açılması, mühasibat yazılışı, amortizasiyanın hesablanması, dövriyyə cədvəli və büdcə hesabatlarının tərtib edilməsi qaydaları ilə tanış olan iştirakçılar nəzəri və təcrübi biliklərə yiyələnirlər. Tibb müəssisələrinin baş mühasibləri kurs ərzində öyrəndiklərini praktik tapşırıqların həllində tətbiq edirlər.