2 AUGUST 2010
İSİM-də “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində Tütünlə Mübarizə üzrə İctimai Koalisiyanın 6-cı Görüşü keçirildi
Tütünlə Mübarizə üzrə Milli Strategiya “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 5-ci maddəsinə uyğun olaraq işlənilib və vəziyyətin obyektiv şərtlərindən yaranan Azərbaycanda tütün istifadəsinin yayılmasının qarşısının alınmasını özündə əks etdirən dövlət siyasətinin orta müddət perspektivi (2011-2015-ci illər) üçün tütünlə mübarizə sahəsinin əsas istiqamətlərini birləşdirir. Bu Strategiya Ümümdünya Səhiyyə Təşkilatının Qlobal Tütün Epidemiyası ilə mübarizə üçün hazırlanmış MPOWER tədbirlər kompleksinə əsaslanır və Azərbaycanda tütünçəkmə ilə mübarizədə əsas prioritetləri nəzərə alır. Tütün istehlakının, istehsalının və satışının bütün aspektlərini əhatə edən Strategiya Azərbaycan vətəndaşlarının həyatını və sağlamlığını qoruyur, ölkəmizi tütünçəkmə yükündən azad etmək məqsədi daşıyır.
2010-cu il iyulun 30-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində Tütünlə Mübarizə üzrə İctimai Koalisiyanın 6-cı Görüşü keçirildi. İştirakçıları salamlayan Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının (ASKA) rəhbəri Nurlan Əliyev “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiya” adlanan sənədin hazır olduğunu qeyd etdi. Sənəd üzərində iş aparıldığı barədə əvvəlki görüşlərdə iştirakçılar məlumatlandırılmışdır. Strategiyada tütünlə mübarizənin bütün istiqamətlərinin, yəni, sağlamlıq məsələlərindən tutmuş, müəyyən vergilərin qaldırılmasının, iqtisadi aspektlərin əks olunduğunu vurğulayan Nurlan Əliyev tədbirdə iştirak edən aidiyyatı qurumların nümayəndələrindən sənədlə bağlı fikir bildirmələrini xahiş etdi.
Strategiyanın aydın, sadə, rahat oxunan dildə yazıldığını deyən tədbir iştirakçıları Azərbaycanda siqareti tərgitmək üsullarını təklif etdilər. Siqaret çəkən insanların bu vərdişdən uzaqlaşmasında konkret qadağaların qoyulması, məhdudlaşdırma, cərimələrin tətbiqi və bu cərimələrə nəzarət, eləcə də, aksiz vergilərinin artırılmasının müsbət nəticə verəcəyini diqqətə çatdıran iştirakçılar bu istiqamətdə psixoloji yardımın, dərmanla təminatın və mütəmadi həkim müalicəsinin də əhəmiyyətini vurğuladılar. Tütünlə mübarizədə təhsilin, həmçinin KİV-in maarifləndirmə, məlumatlandırma funksiyasının vacibliyi də qeyd olundu.
Strategiyanın elektron formada, əyani olaraq təhlili, xüsusilə, İNSANLARIN TÜTÜN TÜSTÜSÜNDƏN MÜHAFİZƏSİ maddəsində göstərilən insanın öz istəyi olmadan tütün tüstüsünə məruz qalması halının izahı maraqlı müzakirələrə səbəb oldu. Tütün çəkməyənləri, başlıca olaraq uşaqları tütün tüstüsünə məruz qalmadan qorumaq üçün güclü tənzimləmələrə ehtiyacın olduğu diqqətə çatdırıldı.
Öz iş təcrübələrindən nümunələr gətirməklə bərabər, ayrı-ayrı ölkələrin də bu işdə fəaliyyətindən söhbət açan tütünlə mübarizədə əlaqədar qurum və strukturların nümayəndələri strategiyada əks olunan fəaliyyət istiqamətlərinin mərhələli şəkildə tətbiq edilməsi qərarına gəldilər.
“Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiya”da əks olunan məqsəd və vəzifələr, o cümlədən fəaliyyət istiqamətləri maddələr üzrə nəzərdən keçirildikdən sonra, görüləcək işlərlə bağlı təkliflər dinlənildi. Sonda ASKA-nın rəhbəri Nurlan Əliyev strategiyanın avqustun birinci 15 günlüyündə rəsmi dövlət təşkilatlarına göndərilməsinin planlaşdırıldığını, rəylər alındıqdan sonra isə sənədin ictimaiyyətə rəsmi şəkildə çatdırılacağını və bundan sonra növbəti görüşün keçiriləcəyini bildirdi.