28 JULY 2010
İSİM-də “Tibb müəssisələrində xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması üçün COPE alətindən səmərəli istifadə” təlim kursu keçirildi
Tibb müəssisələrinin COPE-fasilitatorları üçün nəzərdə tutulmuş “Tibb müəssisələrində xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması üçün COPE alətindən səmərəli istifadə” təlim kursunda layihənin Bakı və Abşerondakı hədəf tibb müəssisələrinin 8 COPE-fasilitatoru iştirak etdi. Təlimin keçirilməsində məqsəd COPE alətindən davamlı və səmərəli istifadə üçün tibb müəssisələrinin COPE-fasilitatorlarının bilik və bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.
2010-cu il iyulun 27-28-də İSİM-də USAİD və Səhiyyə Nazirliyinin birgə həyata keçirdiyi Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi çərçivəsində “Tibb müəssisələrində xidmət keyfiyyətinin davamlı yaxşılaşdırılması üçün COPE alətindən səmərəli istifadə” təlim kursu keçirildi. İlk olaraq təlimin məqsəd və vəzifələri barədə iştirakçıları məlumatlandıran təlimçilər – Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin Gigiyenası kafedrasının assistenti Şəhla Balayeva və İSİM-in Təlim-resurs şöbəsinin müdiri Arzu Əhmədova daha sonra təşkilati məsələlərdə COPE-fasilitatorların bilməsi vacib olan qaydaları nəzərə çatdırdılar. Yüksək keyfiyyətə nail olmaq üçün kiçik addımlardan başlamağın zəruriliyini vurğulayan təlimçilərin dövlət tibb müəssisələri ilə özəl tibbi müəssisələrin xidmət keyfiyyətini müqayisəli təhlil etmələri iştirakçıların marağına səbəb oldu. Təlim iştirakçıları da öz növbəsində təmsil etdikləri qurumların iş rejimində müsbət və çatışmayan cəhətlər, tətbiq olunan yeniliklər, COPE alətindən səmərəli istifadə nəticəsində əldə olunan irəliləyişlər barədə fikirlərini bölüşdülər.
Şəhla Balayevanın layihə üzrə müəyyənləşdirilmiş hədəf rayonlarındakı tibb müəssisələrində COPE-un tətbiqi üzrə nəticələr, COPE-fasilitatorunun və COPE komitənin vəzifələri, keyfiyyətin yaxşılaşdırılması üzrə fəaliyyətlərin sənədləşdirilməsi ilə bağlı çıxışı təlim iştirakçılarını COPE alətinin tətbiqinin səmərəliliyi barədə kifayət qədər məlumatlandırdı. Arzu Əhmədovanın fasilitatorluq, ünsiyyət bacarıqları, rəyin verilməsi və qəbul edilməsilə bağlı mühazirəsi praktik tapşırıqlarla davam etdi. Təlim ərzində iştirakçıların həll etdikləri test tapşırıqlarının müzakirəsi də marağa səbəb oldu. Sonda keçirilən təlimdən gözlənilən nəticələr, perspektivlər, bu yöndə rast gəlinən maneələrin aradan qaldırılması, keyfiyyətin yaxşılaşdırılması üsulları müzakirə edildi və təlim iştirakçıları fərdi fəaliyyət planlarını tərtib etdilər.