4 JUNE 2010
İSİM-də stasionar xidmətinin maliyyələşdirilmə sisteminin təkmilləşdirilməsi mövzusunda seminar keçirildi
4 iyun 2010-cu il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Nazirliyinin 3 avqust 2009-cu il tarixli “Azərbaycan Respublikasında səhiyyənin yeni maliyyələşdirmə sisteminə hazırlıq barədə” Sərəncamının yerinə yetirilməsi çərçivəsində stasionar xidmətinin maliyyələşdirilmə sisteminin təkmilləşdirilməsi mövzusunda İSİM, Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi və Abt Associates tərəfindən birgə təşkil olunmuş seminar keçirildi. Seminarda Bakı şəhərinin aparıcı xəstəxanalarının və doğum evlərinin aidiyyəti işçiləri və Bakı Baş Səhiyyə İdarəsinin təmsilçiləri iştirak etmişdirlər. Seminarı səhiyyə maliyyələşməsi üzrə beynəlxalq mütəxəssis Aleksandr Katsaqa aparmışdır. Seminar zamanı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”na əsasən tibbi xidmət təchizatçılarının yeni maliyyələşdirmə sisteminin işlənib hazırlanması və bu məqsədlə xəstəxanalarda məlumatların toplanması və təhlili barədə ətraflı məlumat verildi. Stasionarların gələcəkdə “müalicə halı” əsasında maliyyələşdirilməsi çərçivəsində zəruri hesab olunan kliniki-xərclər qrupların işlənməsi üçün seçilmiş və seminarda iştirak etmiş stasionarlarda stasionardan çıxanın tibbi kartasındaki (AZS-066 nömrəli forma) məlumatların “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə düzgün və vaxtında daxil edilməsi zərurəti vurğulandı. İştirakçılara bir sıra statistik forma və cədvəllərdən istifadə qaydaları və əldə ediləcək faydalar izah edildi. Seminarın yekununda iştirak edən xəstəxana və doğum evləri təmsilçilərinə seminar materialları paylanıldı və 2 həftə ərzində onlardan artıq doldurulmuş statistik formaların təhlil üçün alınması qərarı qəbul olundu.