İSİM-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirildi | İСTİMAİ SƏHİYYƏ və İSLAHATLAR MƏRKƏZİ

NEWS all news

19 JANUARY 2010

İSİM-də 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirildi

“20 yanvar” faciəsinin 20-ci il dönümü ilə əlaqədar 18 yanvar 2010-cu il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirildi.

İSİM-in direktoru Ceyhun Məmmədov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 20 yanvar faciəsi Azərbaycan xalqının XX əsrdə yaşadığı ən böyük faciələrdəndir. Müstəqillik qazanmış xalqımız həmin günü heç vaxt unutmur və hər il Ümumxalq Hüzn Gününün qeyd olunması ölkəmizin bu qanlı tarixinin yaşanması üçün böyük əhəmiyyət kəsb edir. 20 yanvar hadisəsinə ilk siyasi qiymət Ulu Öndərimiz Heydər Əliyev tərəfindən verilmiş, bu faciədə günahı olanlar adbaad sadalanmışlar. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir. Yığıncaqda 20 yanvar faciəsinin qurbanlarının xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla qeyd edildi.

Mərasimdə İSİM-in əməkdaşları Yeganə Vəliyeva, Aris Rüstəmov və Tural Hacıyev Ümumxalq Hüzn Günü ilə bağlı çıxış etdilər. Çıxışlarda həmin dövrdəki hadisələr xatırlandı, 1990-cı il 20 yanvar faciəsindən sonra Ümummilli Lider Heydər Əliyevin bu hadisələrə ədalətli münasibətinin həmin dövrdə xalqına dəstək, cəsarətli bir addım olduğu vurğulandı.

Azərbaycan tarixinə qanlı hərflərlə yazılmış 20 yanvar faciəsi heç vaxt xalqımızın yaddaşından silinməyəcəkdir.