12 JANUARY 2010
Tütünlə Mübarizə üzrə İctimai Koalisiyanın I görüşü keçirildi
12 yanvar 2010-ci il tarixdə İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Tütünlə Mübarizə üzrə İctimai Koalisiyanın I görüşü keçirildi.
Koalisiya İSİM, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası və ABŞ-ın Cons Hopkins Universitetinin Blümberq İctimai Səhiyyə Məktəbinin Kommunikasiya Proqramları Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycanda Tütünlə Mübarizə üzrə Milli Strategiyanın Hazırlanması” layihəsi çərçivəsində 14 dekabr 2009-cu ildə Tütünlə Mübarizə üzrə Milli Konfransda yaradılmışdır. Görüşdə koalisiyanın yaradılmasında əsas məqsədin Respublikada tütünlə mübarizə sahəsində müxtəlif dövlət, qeyri hökumət təşkilatlarının səylərinin birləşdirilməsi olduğu bildirilmişdir.
Tədbirdə Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanmasını həyata keçirəcək işçi qrup yaradıldı. Müzakirələrdə İşçi Qrupun strategiyanın hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və bu təcrübənin yerli mühitə uyğunlaşdırılması, Azərbaycanda tütündən istifadə edənlərin sayının öyrənilməsi üçün monitorinq və sorğuların həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirildi. İşçi Qrupda müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı və strategiya ilə bağlı təkliflərinin təqdim edilməsi məqsədəuyğun olduğu diqqətə çatdırıldı. Strategiya üzrə işin başa çatdırılmasından sonra sənədin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim ediləcəyi qeyd olundu. Görüşdə tütünlə mübarizə ilə bağlı Milli Məclisin Sosial Siyasət Komitəsi tərəfindən hazırlanan qanun layihəsinin qəbul olunduğu halda bu strategiyanın həmin qanunun həyata keçirilməsi üçün bir mexanizm olacağı iştirakçıların diqqətinə çatdırıldı.
Müzakirələr zamanı Azərbaycanın 2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına qoşularaq tütünlə mübarizə ilə bağlı götürdüyü öhdəliklər sırasında Milli Strategiyanın hazırlanmasının da yer aldığı vurğulandı. Görüş zamanı yaxın vaxtlarda Tütünlə Mübarizə üzrə İctimai Koalisiya üzvlərinə təlimlərin keçiriləcəyi barədə məlumat verildi.
Görüşdə Səhiyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Ümumdünya Səhiyyə Təşkilatının, USAİD, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Respirator Cəmiyyətinin, «Sağlamlığa Çağırış» Alyansının, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun, Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin, Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının nümayəndələri iştirak edirdilər.