24 NOVEMBER 2008
İctimai Səhiyyə və İslahatlar Mərkəzində “İctimai səhiyyənin planlaşdırılmasında epidemiologiya və biostatistika metodları” mövzusunda təlimlər keçirildi
İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 13-19 noyabr 2008-ci il tarixində “İctimai səhiyyənin planlaşdırılmasında epidemiologiya və biostatistika metodları” mövzusunda təlimlər keçirildi.
Kurslarda mühazirəçilər qismində Rusiya Federasiyasından dəvət olunmuş ictimai səhiyyə üzrə aparıcı mütəxəssislər iştirak edirdilər. Təlimlərin məqsədi yerli ictimai səhiyyə mütəxəssisləri arasında epidemiologiya və biostatistika ilə bağlı biliklərin artırılması və bu sahədə xarici təcrübə ilə tanış olmaq idi. Təlimə ölkənin aparıcı elmi-tədqiqat müəssisələrinin, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirməsi İnstitutunun, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Azərbaycan Tibb Universitetinin və İSİM-in əməkdaşları qatılmışdılar.
Epidemiologiya mövzusuna həsr olunmuş təlimin birinci hissəsi Moskva Tibb Akademiyasının professoru V.V.Vlasov tərəfindən keçirildi. O təlim ərzində müasir epidemiologiyaya giriş, epidemiologiyanın tarixi, epidemiologiya və ictimai səhiyyə, risk, səbəb və nəticə əlaqələri, epidemiologiya tədqiqat növləri haqqında iştirakçılara ətraflı məlumat verdi.
Biostatistika üzrə təlimlərdə Sankt-Peterburq Diplomdan Sonrakı Təhsil üzrə Tibb Akademiyasının İctimai səhiyyə fakültəsinin dekanı, professor S.L.Plavinskinin mühazirələri dinlənildi. Bu təlimlərdə tədqiqatların nəticələrinin analizi və bu analizin müxtəlif növləri, keyfiyyət göstəricilərinin analizi, statistik modellər, əsas statistik modellərin xülasəsi, səhiyyənin idarə olunmasında statistik metodlar məsələlərinə toxunuldu. Professor Plavinski təlim iştirakçılarını səhiyyə sisteminin fəaliyyətində demoqrafik məlumatların və sosial-gigiyenik monitorinqin nəticələrindən istifadənin, səhiyyədə keyfiyyət nəzarətinin tətbiqinin bu sektorun effektivliyinin artırılmasının ayrılmaz hissəsi olduğu ilə tanış etdi. Eyni zamanda proseslərin statistik kontrolu və keyfiyyət nəzarəti vasitələri, və həmçinin statistik məlumatların düzgün qiymətləndirilməsi məsələləri ətraflı müzakirə olundu.
Təlimlərdə, statistik kompyuter proqramlarından istifadə etməklə intensiv praktik məşğələlər də keçirildi.