19 JUNE 2008
Azərbaycanlı mütəxəssislər Səhiyyə Sistemlərinin İnkişafına Yönəldilmiş Beşinci Flaqman kursunda təlim keçiblər
2008-ci il 2-13 iyun tarixlərində Səhiyyə Nazirliyinin (SN) və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşları Qırğızıstan Respublikasında, Bişkek şəhərində Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri və Moldovanı təmsil edən mütəxəssislər üçün təşkil olunmuş Səhiyyə Sistemlərinin İnkişafına Yönəldilmiş Beşinci Flaqman kursunda təlim keçmişlər. Kurs Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Asiya İnkişaf Bankı, İsveçrə İnkişaf və Əməkdaşlıq Bankı və Yaponiya Yoxsulluğun Azaldılması Fondunun dəstəyi ilə təşkil olunub. Təlimin açılışında Qırğızıstan Respublikası Səhiyyə Naziri iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Təlim iştirakçılarına kurs müəllimləri, ÜST-nın məsləhətçisi Melitta Yakab, ÜST-nın Maliyyə məsələləri üzrə məsləhətçisi Tamaş Evetoviç, Dünya Bankının eksperti Piya Şnayder, Beynəlxalq Maliyyə Korporasiyasının Sağlamlıq və Təhsil şöbəsinin direktoru Giya Ellena tərəfindən “Səhiyyə sisteminin fəaliyyəti və funksiyaları”, “Səhiyyə sektorunun maliyyələşdirilməsi”, “Özəl sektor tərəfindən tibbi xidmətlərin təşkili” mövzularında bilgilər və bacarıqlar, bu sahələr üzrə dünya təcrübəsi ilə bağlı ətraflı məlumatlar verilmişdir.
Təlimdə ölkəmizdən 5 nəfər – Səhiyyə Nazirliyi Plan-İqtisadiyyat sektorunun müdiri İraida Əliyeva, İSİM əməkdaşları, Səhiyyə İqtisadiyyatı və Tibbi Sığorta şöbəsinin müdiri Abuzər Məmmədov, şöbənin əməkdaşı Töhfə Cəmilova, İlkin Səhiyyənin Təşkili şöbəsinin müdiri Lütfi Qafarov, Tibb İşçilərinin Peşəkar Hazırlığı şöbəsinin əməkdaşı Fərhad Burzuyev iştirak etmişdir. Azərbaycanlı iştirakçılar kursu uğurla başa vurmuş və sonda sertifikatlara layiq görülmüşlər.