17 DECEMBER 2009
İSİM-də "Tibbi tullantıların utilizasiyası mövzusunda görüş" keçirilmişdir
17 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində tibbi tullantıların idarə edilməsi mövzusunda görüş keçirilmişdir.
Görüşdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Mərkəzin əməkdaşları Töhfə Cəmilova, Təranə Heydərova, Vüsal Bayramov, Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət sektorunun baş məsləhətçisi Nürəddin Abdullayev, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal gigiyena bölməsinin müdiri Leyla Tağızadə, “Təmiz Şəhər”Açıq Səhmdar Cəmiyyətinin strateji araşdırmalar üzrə mütəxəssisi Oqtay Məmmədov və Fransanın CNİM şirkətinin nümayəndələri – Dominik Qranjer (CNİM Azərbaycan), Tifani Korti (CNİM S.A), Vinsent Karl (CNİM S.A) iştirak etmişdirlər.
Ölkə başçısının “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən yaradılan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi işlərini həyata keçirəcək və hal hazırda Fransanın CNİM şirkəti Balaxanı qəsəbəsində bərk tullantıların utilizasiyası üçün zavodun inşasına başlayıb.
Görüş zamanı İSİM-də işçi qrup tərəfindən işlənib hazırlanan “Tibbi tullantıların idarə edilməsi üzrə milli siyasət”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Tibbi tullantıların idarə olunmasına dair Tələblər”, Azərbaycanda tibbi tullantıların idarə edilməsinin hazırkı vəziyyəti və gələcək addımlar, həmçinin tikilən zavodun bu sahədə yaratdığı imkanlar barədə müzakirələr aparıldı.
Görüşün nəticəsi kimi gələcəkdə tibbi tullantıların idarə edilməsi sahəsində ikitərəfli sıx əməkdaşlıq, bu sahədə görülən tədbirlərin sürətləndirilməsi və həm təsdiq olunan Tələblərə, həm də müasir Avropa standartlarına uyğun vahid tibbi tullantıların idarə edilməsi sisteminin qurulması, həmçinin tikilən zavodun bu sistemə inteqrasiyası zərürətinin etiraf edilməsini qeyd etmək olar.